Ukrayna Prezidenti Volodimir Zelenski bu gün "Qətiyyətlilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Parisə gedib.
"PostMedia" xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə məlumat verib. Məlumatı “Evropeyskaya Pravda” yayıb.
Səfər çərçivəsində Zelenskinin Fransa Prezidenti Emmanuel Makronla təkbətək görüşü planlaşdırılır. Bundan əlavə, Makron və Zelenskinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə birlikdə geniş tərkibli görüşü keçiriləcək.
"Qətiyyətlilər Koalisiyası"nın iclası yerli vaxtla saat 15:00-da başlayacaq. Görüş qapalı formatda keçiriləcək və iştirakçıların çıxışları ictimaiyyətə açıqlanmayacaq.
Yerli vaxtla saat 18:15-də Zelenskinin Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mertslə birlikdə birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.
Axşam saatlarında isə Ukrayna nümayəndə heyəti ilə ABŞ nümayəndə heyəti arasında ayrıca görüşün keçirilməsi planlaşdırılır.
KİV-in məlumatına görə, yanvarın 6-da keçiriləcək iclasda koalisiya üzvü ölkələrin liderləri Ukraynaya dəstək məqsədilə beş bənddən ibarət öhdəlik paketi qəbul edəcəklər. Həmin öhdəliklərə Ukrayna ərazisində çoxmillətli silahlı qüvvələrin yerləşdirilməsi də daxil ola bilər.