6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İranın nüvə obyektlərinə “bütün bombaların anası” ilə yeni zərbə endirilməsinə icazə verə biləcəyini açıqlayıb

16-oktyabr-2026, 08:46
Tramp İranın nüvə obyektlərinə “bütün bombaların anası” ilə yeni zərbə endirilməsinə icazə verə biləcəyini açıqlayıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, o cümlədən Pikaks dağı (Pickaxe Mountain) kimi tanınan möhkəmləndirilmiş yeraltı kompleksə yeni zərbələr endirilməsi ehtimalını nəzərdən keçirdiyini bildirib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu açıqlama Pentaqonun ABŞ arsenalındakı ən güclü qeyri-nüvə aviasiya bombasının – “bütün bombaların anası” adlandırılan silahın tətbiqini nəzərdən keçirməsi barədə məlumatların yayıldığı vaxt səslənib.

Tramp “Newsmax”a eksklüziv müsahibəsində İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsi ehtimalını müzakirə edib. Bununla yanaşı, o, danışıqlar və ya digər amillər sayəsində müharibənin tezliklə başa çatacağına əminliyini ifadə edib.

ABŞ-ın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra “bütün bombaların anası”ndan istifadə edə biləcəyi barədə yayılan məlumatlarla bağlı suala cavab verən Tramp həmin silahın nüvə bombası olmadığını vurğulayıb.

“Axı ‘bütün bombaların anası’ nüvə silahı deyil”, – ABŞ Prezidenti bildirib.

Aparıcı Rob Finnerti dəqiqləşdirərək soruşub: “Yəni bu, taktiki nüvə silahı deyil?”

“Xeyr, bu, ümumiyyətlə, nüvə silahı deyil. Sadəcə, həddindən artıq güclü bombadır. O, kiçik nüvə bombasına bənzəyir. ‘Bütün bombaların anası’ nəhəng bombadır, amma nüvə silahı deyil”, – Tramp əlavə edib.

Bununla belə, Tramp həmin sursatın tətbiqinə icazə verib-vermədiyini açıqlamayıb və mümkün zərbənin hədəfini dəqiqləşdirməyib.

Daha əvvəl CNN ABŞ hərbçilərinin Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranın enerji infrastrukturu və nüvə obyektlərinə qarşı GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasının tətbiqini nəzərdə tutan planlar hazırladığını bildirmişdi.

CBS News telekanalı da Ağ Evin və Pentaqonun bu sursatdan istifadəni nəzərdə tutan planlar hazırladığını təsdiqləyib.

Ağ Evdən CBS News-a bildirilib ki, məxfi hərbi planlar şərh edilmir. Bununla yanaşı, qeyd olunub ki, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün fəaliyyət variantlarını açıq saxlamaq niyyətindədir.

MOAB bombasının çəkisi təxminən 9,8 tondur. Bu, ABŞ arsenalındakı ən böyük qeyri-nüvə aviasiya bombasıdır.

Bomba ilk dəfə 2017-ci ilin aprelində, Trampın ilk prezidentlik müddətində döyüş şəraitində tətbiq edilib. Həmin vaxt ABŞ hərbçiləri Əfqanıstanda “İslam Dövləti” terror təşkilatının tunel kompleksinə qarşı bu silahdan istifadə ediblər.

Dərinlikdə yerləşən yeraltı obyektləri və möhkəmləndirilmiş bunkerləri məhv etmək üçün nəzərdə tutulan GBU-57 Massive Ordnance Penetrator bombasından fərqli olaraq, MOAB əsasən yer səthində güclü zərbə dalğası yaratmaq üçün hazırlanıb.

CNN-in məlumatına görə, ABŞ rəsmilərinin bir qismi MOAB-ın İranın dərin yeraltında yerləşən nüvə obyektlərini effektiv şəkildə məhv edə biləcəyinə şübhə ilə yanaşır.

“Pikaks dağına zərbə endirə bilərik”

Tramp İranın nüvə obyekti olduğu ehtimal edilən Pikaks dağına hücum ehtimalını da istisna etməyib. Güman edilir ki, obyekt dağın dərinliyində, bir neçə qat süxurun altında yerləşir.

“Hazırda Pikaks dağını nəzərdən keçiririk. Ola bilsin, ora getməli olaq. Biz ona zərbə endirəcəyik və onu tez bir zamanda məhv edəcəyik”, – ABŞ Prezidenti bildirib.

Belə bir əməliyyat üçün ABŞ quru qoşunlarının iştirakının tələb oluna biləcəyi barədə suala Tramp mənfi cavab verib.

“Xeyr, belə olacağını düşünmürəm. Məncə, buna ehtiyac olmayacaq”, – o deyib.

ABŞ Prezidenti ölkəsinin İranın nüvə infrastrukturuna artıq ciddi ziyan vurduğunu bildirib. Bununla belə, onun sözlərinə görə, Vaşinqton Tehranının nüvə silahı əldə etmək imkanını aradan qaldırmadan hərbi əməliyyatları dayandırarsa, amerikalılar gələcəkdə yenidən güc tətbiq etməli ola bilərlər.

ABŞ-ın niyə sadəcə qələbə elan edərək qoşunlarını geri çəkmədiyi barədə suala Tramp belə cavab verib:

“Biz bunu da edə bilərik. Amma belə etsək, bir ildən sonra hər şeyi yenidən təkrarlamalı ola bilərik”.

“Biz istəyirik ki, onlar heç vaxt nüvə silahına sahib olmasınlar. Çünki mənim fikrimcə, əgər belə bir silah onların əlinə keçsəydi, dərhal ondan istifadə edərdilər”, – ABŞ Prezidenti bildirib.

Yeni zərbələr endirilməsi ehtimalına baxmayaraq, Tramp İranla müharibənin tezliklə başa çatacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlar aparır.

“İranla müharibə çox tezliklə başa çatacaq. Hər şey yaxın zamanda bitəcək. Bu və ya digər şəkildə müharibə sona çatacaq. Bilirsiniz, onlar bizimlə danışıqlar aparırlar”, – ABŞ Prezidenti deyib.

Tramp münaqişə başa çatdıqdan sonra enerji daşıyıcılarının qiymətlərinin kəskin azalacağını da proqnozlaşdırıb.

“Bu və ya digər şəkildə hər şey çox tezliklə başa çatacaq. Neftin qiyməti daş kimi aşağı düşəcək, benzinin qiyməti də eyni şəkildə azalacaq”, – o bildirib.

Müsahibənin daha sonrakı hissəsində ABŞ Prezidenti İran rəsmilərinin Amerika və İsrailin hərbi əməliyyatlarını dayandırmağı xahiş etdiklərini iddia edib.

“Onlar bizə yalvarırdılar: xahiş edirik, dayanın. Biz də dayanırıq, çünki onlarla danışıqlar aparırıq”, – Tramp bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031