İsrailin Baş naziri Benyamin Netanyahu 2025-ci ilin iyulunda Dəməşqə endirilən İsrail zərbələrindən sonra Suriya Prezidenti Əhməd əş-Şaraa ilə telefonla danışdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Netanyahunun sözlərinə görə, həmin danışıqdan sonra Suriyanın cənubunda druzların kütləvi şəkildə öldürülməsi dayandırılıb.
İsrail hökumətinin başçısı bu barədə “Likud” partiyasının druz icmasına həsr olunmuş konfransında danışıb.
“Telefonu götürüb Şaraa ilə əlaqə saxladım. Bu, çox qısa və çox sərt söhbət idi. Bundan sonra [Suriyada druzların] öldürülməsi dayandırıldı”, – Netanyahu bildirib.
Bu, Netanyahu ilə Şaraa arasında birbaşa telefon danışığı barədə məlum olan ilk açıq açıqlamadır. Şaraa Suriyaya uzun illər rəhbərlik etmiş Bəşər Əsədin devrilməsindən sonra 2024-cü ilin sonunda hakimiyyətə gəlib.
İsrail və Suriya arasında diplomatik münasibətlər yoxdur və iki ölkə dəfələrlə müharibə aparıb. Buna görə də sözügedən telefon danışığı iki ölkənin liderləri arasında tarixdə ilk birbaşa təmas ola bilər.
2025-ci ilin iyulunda İsrail Suriyanın Müdafiə Nazirliyinin binasına, eləcə də Dəməşqdə prezident sarayının yaxınlığındakı obyektlərə zərbələr endirib. İsrail hakimiyyəti əməliyyatın məqsədinin Suriyanın cənubunda druzları qorumaq olduğunu bildirib. Həmin vaxt əsasən bu dini icmanın nümayəndələrinin yaşadığı Əs-Süveyda bölgəsində icmalararası toqquşmalar başlamışdı.
“Qardaşlarımızı və sizin qardaşlarınızı qorumaq üçün əlimdən gələni edəcəyəm”, – Netanyahu konfrans iştirakçılarına müraciətində deyib.
Hazırda İsrail və Şaraanın rəhbərlik etdiyi hökumət təhlükəsizlik sazişi ilə bağlı danışıqlar aparır. Suriya tərəfi Bəşər Əsədin devrilməsindən sonra İsrail Müdafiə Ordusunun nəzarətə götürdüyü sərhəd bufer zonasından İsrail qoşunlarının çıxarılmasını tələb edir.