Metsamor şəhərində yeni şəhərsalma layihəsinə start verilib. "HAEKŞİN" şirkəti "Metsamor Residence" çoxfunksiyalı yaşayış kompleksinin tikintisinə başlayır.
"PostMeda" xarici KİV-lərə istinadən xəbər verir ki, tikintinin başlanması gələcək kompleksin ərazisində təşkil olunmuş tədbirlə elan edilib. Tədbirdə dövlət və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, tikinti sektorunun mütəxəssisləri, şirkətin tərəfdaşları və qonaqlar iştirak ediblər.
«HAEKŞİN» şirkəti ilə Metsamor şəhərinin tarixini yarım əsrdən artıq bir dövr birləşdirir. 1969-cu ildə yaradılmış Ermənistan Atom Elektrik Stansiyasının tikinti idarəsi yalnız atom elektrik stansiyasının deyil, həm də formalaşmaqda olan şəhərin tikintisini həyata keçirən qurumlardan biri olub. "HAEKŞİN"in səyləri nəticəsində Metsamorda çoxsaylı yaşayış və digər təyinatlı binalar inşa edilib. Şirkətdə onilliklər ərzində şəhərin yüzlərlə sakini çalışıb və bu gün də çalışmaqda davam edir.
«Metsamor Residence» dörd çoxmənzilli binadan ibarət olacaq. A və B binaları 12 mərtəbəli, C binası 14 mərtəbəli, D binası isə 16 mərtəbəli olacaq.
Kompleksdə studiya tipli, iki, üç və dörd otaqlı mənzillər nəzərdə tutulub. Mənzillərin sahəsi 32,7 kvadratmetrdən 87,4 kvadratmetrədək olacaq.
Kompleksin ərazisində abadlaşdırılmış və yaşıllıqla örtülmüş həyətlər, uşaq meydançası, futbol meydançası və yeraltı avtomobil dayanacağı yaradılacaq. Birinci mərtəbələrdə ticarət və xidmət obyektlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Layihənin əsasını yalnız mənzillərin tikintisi deyil, həm də gündəlik həyat üçün zəruri şəraitin təmin olunduğu tammiqyaslı yaşayış məhəlləsinin formalaşdırılması ideyası təşkil edir.
Kompleksin yerləşdiyi əraziyə də xüsusi əhəmiyyət verilir. Metsamor şəhərinin gələcək şəhərsalma inkişafı planlarına əsasən, şəhərin genişlənmə istiqamətlərindən biri məhz bu ərazidir.
Yeni tikinti bu ərazinin mərhələli şəkildə mənimsənilməsinə və şəhərin ümumi strukturuna inteqrasiyasına imkan verəcək. Layihənin həyata keçirilməsi həmçinin ətraf ərazilərin abadlaşdırılmasına və yeni xidmət imkanlarının yaradılmasına töhfə verə bilər.