ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib.
"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqqott bildirib.
“Prezident Trampın və dövlət katibi (Marko) Rubionun fəaliyyəti dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib”, – Piqqott “Fox News” telekanalının efirində deyib.
O, bunu “tarixi hədd” adlandıraraq, administrasiyanın Amerika xalqının təhlükəsizliyini təmin etməkdə qətiyyətini nümayiş etdirdiyini bildirib.
“Vizalarla bağlı hər bir qərar birbaşa milli təhlükəsizliklə əlaqəlidir. Misli görünməmiş miqyasda aparılan davamlı yoxlamalar sayəsində cinayət törədən, terrorizmi dəstəkləyən, amerikalıları aldadan və ya immiqrasiya sistemimizdən sui-istifadə edən şəxsləri müəyyənləşdiririk”, – Piqqott qeyd edib.
O, administrasiyanın ABŞ vizasının hüquq deyil, imtiyaz olması ilə bağlı mövqeyini bir daha təsdiqləyib. Onun sözlərinə görə, “əgər bu imtiyazdan sui-istifadə edirsinizsə, ondan məhrum edilirsiniz”.
Bazar ertəsi Dövlət Departamenti Boliviya, Kolumbiya, Ekvador və Perunun bir sıra vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edildiyini açıqlamışdı. Həmin şəxslər korrupsiya fəaliyyəti və ya narkotiklərin qanunsuz dövriyyəsinə dəstək verməkdə şübhəli bilinirlər.