Terrorçu qruplaşmalar süni intellekt də daxil olmaqla yeni texnologiyaları fəal şəkildə mənimsəyir və müxtəlif ölkələrdəki qeyri-sabitlikdən və zəif dövlət idarəçiliyindən istifadə etməyə çalışırlar.
"PostMedia" xəbər verir ki, bunu BMT-nin Terrorla Mübarizə İdarəsinin rəhbəri, baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuev bildirib.
Onun sözlərinə görə, terror təhlükəsi dəyişir və cinayətkar qruplar müasir texniki vasitələrdən getdikcə daha peşəkar şəkildə istifadə edirlər.
“Terrorizm dəyişir. Qruplaşmalar süni intellekt də daxil olmaqla yeni texnologiyalara getdikcə daha çox müraciət edir və qeyri-sabitlikdən, eləcə də zəif dövlət idarəçiliyindən, xüsusilə Afrikanın bəzi bölgələrində öz məqsədləri üçün istifadə etməyə çalışırlar”, – Zuev vurğulayıb.
O qeyd edib ki, terrorizmin dəyişən xarakteri daim diqqət yetirilməsini və yeni çağırışlarla mübarizəyə daim hazır olmağı tələb edir.
Bu açıqlama BMT Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə verilib.