Kanadanın Baş naziri Mark Karni oktyabrın 21–23-də Ankara və İstanbula səfər edəcək. Bu, Kanada baş nazirinin Türkiyəyə ilk ayrıca ikitərəfli səfəri olacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" hökumət başçısının ofisinə istinadən məlumat yayıb.
Ankarada Karni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Tərəflərin enerji və faydalı qazıntıların hasilatı, iqlim, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə etmək niyyətində olduqları bildirilir.
Kanadanın Baş naziri İstanbulda Türkiyə biznes nümayəndələri və investorlarla görüşəcək və Kanadanı ticarət və investisiyalar üçün cəlbedici istiqamət kimi təqdim edəcək.
Karninin ofisinin məlumatına görə, Baş nazir enerji, aerokosmik sənaye, qabaqcıl texnologiyalar, faydalı qazıntıların və strateji əhəmiyyətli xammalın hasilatı da daxil olmaqla, prioritet sahələrdə ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını vurğulamaq niyyətindədir.
Səfər Karninin Kanadanın xarici iqtisadi əlaqələrini genişləndirmək istiqamətində növbəti addımı olacaq. Bu, ölkənin ən böyük ticarət tərəfdaşı olan ABŞ-dan asılılığını azaltmağa çalışdığı bir vaxta təsadüf edir. Avqust ayında Vaşinqtonla ticarət danışıqlarının nəticəsiz qalmasından sonra Kanada hökuməti digər ölkələrlə təmaslarını intensivləşdirib.
Karni qarşıdakı on il ərzində Kanadanın ABŞ-dən kənar ölkələrlə ticarət dövriyyəsini iki dəfə artırmağı qarşısına məqsəd qoyub. Son aylarda Ottava əvvəlki fikir ayrılıqlarına baxmayaraq, Çin və Hindistan da daxil olmaqla bir sıra ölkələrlə münasibətləri də fəallaşdırıb.
Karni və Ərdoğan azad ticarət sazişi üzrə danışıqlara iyul ayında NATO sammiti çərçivəsində rəsmi olaraq başlayıblar. Bundan əlavə, Türkiyə Karninin “orta güclər” adlandırdığı ölkələr üçün çoxşaxəli təşəbbüsü çərçivəsində yaradılmış Kanada Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankının on təsisçi ölkəsindən biri olmağa razılıq verib.