Luiziana ştatından respublikaçı senator Con Kennedi 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində iştirakını istisna etməyib. Bununla belə, o, hazırda Senatda yenidən seçilmək niyyətində olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, Kennedi "NBC News"un “Meet the Press” proqramına müsahibəsində aparıcı Kristen Uelkerin prezident seçkilərində iştirak imkanını nəzərdən keçirib-keçirmədiyi barədə sualına “Bəli” cavabını verib.
Eyni zamanda senator yekun qərar qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda planları Senatda yenidən seçilməklə bağlıdır, lakin Konqresin yuxarı palatasında daha effektiv fəaliyyət göstərə bilmədiyini düşünərsə, planlarını dəyişə bilər.
“Əgər Senatda artıq effektiv ola bilməsəm, bu imkanı nəzərdən keçirəcəyəm”, – Kennedi deyib.
O həmçinin bildirib ki, respublikaçılar arasında prezident vəzifəsini yaxşı icra edə bilməyəcəyini düşündüyü çoxsaylı namizədlər olarsa, seçki yarışına qatılmaq barədə qərar verə bilər. Bununla yanaşı, Kennedi Respublikaçılar Partiyasının namizədliyinə mümkün namizədlərdən biri hesab edilən vitse-prezident Cey Di Vensin namizədliyini müzakirə etməkdən imtina edib.
“Bununla bağlı hələ həmin mərhələyə çatmamışam”, – senator seçicilərin nə üçün Vens əvəzinə ona üstünlük verməli olduğu barədə suala cavabında bildirib.
Kennedi həmçinin hesab etdiyini deyib ki, 2028-ci il prezident seçkilərində hər iki partiya üçün namizədlərin geniş seçim imkanının olması faydalı olar.
Kennedi 2028-ci ildə Senata yenidən seçilmək üçün namizədliyini irəli sürməlidir. O, gələcək prezidentlik yarışında iştirakını açıq şəkildə istisna etməyən bir neçə tanınmış respublikaçıdan birinə çevrilib. Daha əvvəl Prezident Donald Tramp mümkün varisləri arasında Vensi və dövlət katibi Marko Rubionu qeyd edib. Rubio isə sentyabr ayında hazırda namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.
2028-ci il seçkilərində iştirak edə biləcəyi barədə müdafiə naziri Pit Heqset haqqında da məlumatlar yayılmışdı. Lakin Pentaqonun nümayəndəsi bunu təkzib edib. Vensin özü isə bu yaxınlarda NBC News-a bildirib ki, onun fikrincə, Texasdan respublikaçı senator Ted Kruz açıq şəkildə prezidentlik kampaniyasına hazırlaşır.
Bu siyasətçilərdən heç biri hələ rəsmi şəkildə namizədliyini elan etməyib. 2028-ci il seçkiləri 2012-ci ildən bəri Donald Trampın Respublikaçılar Partiyasının namizədi olmayacağı ilk prezident seçkiləri olacaq.