Slovakiya Baş naziri Robert Fitso Serbiyanın oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Aleksandar Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib. Fitso hakim Serb Tərəqqi Partiyasının (SNS) Belqradda keçirilən mitinqində çıxış etməli idi, lakin həkimin tövsiyəsi ilə səfərini ləğv edib.
"PostMedia" xəbər verir ki, bu barədə “Rapporteur” məlumat yayıb.
Fitsonun iştirak etməməsinə baxmayaraq, onun əvvəlcədən hazırladığı çıxış “Belqrad Arena” stadionunda SNS-in minlərlə tərəfdarının qarşısında oxunub.
“Mən Aleksandarı dəstəkləyirəm, çünki o, dünyada nə qədər nüfuzlu olmasından asılı olmayaraq, heç kimin sizin ölkənizi idarə etməsinə imkan vermir. O, yalnız sizi – Serbiya xalqını dinləyir”, – Fitso müraciətində bildirib.
Slovakiya Baş naziri həmçinin qeyd edib ki, Serbiyanın Avropa İttifaqına üzvlük yolunda Belqradın öz suverenliyini qorumaq istəyi ilə əlaqədar yeni şərtlərlə üzləşir.
Fitsonun dəstəyi Rusiya Prezidenti Vladimir Putinin Vuçiçin Serbiyanın növbəti baş naziri olacağına ümid etdiyini bildirməsindən bir neçə gün sonra səslənib.
Vuçiç Putinin və Fitsonun dəstəyinin Serbiyanın daxili işlərinə müdaxilə olduğu barədə tənqidləri rədd edib. O bildirib ki, əksinə, onun rəqiblərinin tərəfdarları ölkədən, o cümlədən Kosovo məsələsində güzəştlər tələb edirlər.
Son illərdə Vuçiçlə Fitso, xüsusilə Ukraynadakı münaqişə ilə bağlı oxşar mövqelərinə görə yaxınlaşıblar. Hər iki siyasətçi dəfələrlə hərbi əməliyyatların dayandırılmasının tərəfdarı kimi çıxış edib və Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini tənqid edib.
Qarşıdakı seçkilər tələbələrin rəhbərlik etdiyi uzunmüddətli hökumət əleyhinə və korrupsiyaya qarşı etiraz aksiyaları fonunda keçirilir. Etirazlar 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalında örtüyün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb. Tələbə hərəkatı bu seçkilərdə hazırkı hakimiyyətin əsas rəqiblərindən birinə çevrilib.
Fitso dəfələrlə Vuçiçə açıq şəkildə dəstək verib. 2024-cü ilin mayında Slovakiya Baş nazirinə qarşı sui-qəsd cəhdindən sonra Serbiya Prezidenti Fitsonu “öz fikri olan” azsaylı Avropa liderlərindən biri adlandırmışdı.