Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın və Ukraynanın iştirakı ilə Qara dənizdə atəşkəs məsələsi ilə bağlı yeni danışıqlar keçirəcək.
"PostMedia" xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüşlər oktyabrın əvvəlində keçiriləcək. Danışıqlar Qara dəniz hövzəsində Rusiya və Ukrayna limanlarının faktiki blokadası fonunda ərzaq məhsullarının dünya qiymətlərinin artdığı bir vaxta təsadüf edir.
Yeni diplomatik təşəbbüs sentyabrın sonunda BMT Baş Assambleyasının iclasları çərçivəsində Türkiyə, ABŞ, Avropa, Misir və Hindistan nümayəndələri tərəfindən müzakirə edilib.
“Bloomberg”in tanış olduğu görüş sənədlərində qeyd olunur ki, iştirakçılar azad ticarət gəmiçiliyi, eləcə də limanların və enerji infrastrukturunun qorunmasını nəzərdə tutan “qarşılıqlı faydalı razılaşma” hazırlayıblar.
Bildirilib ki, danışıqlarda 2022-ci ildə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına imkan verən Qara dəniz Taxıl Təşəbbüsünün təcrübəsinin təkrarlanması nəzərdə tutulur.
Bununla yanaşı, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gəmilərinə zərbələrin dayandırılması ilə bağlı təklifləri rədd edəcəyini bildirib. Bunun müqabilində Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması tələb olunurdu.