Almaniya kansleri Fridrix Merzin reytinqi tarixi minimuma enib: almanların yalnız 10 faizi onun fəaliyyətindən razı və ya çox razı olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu, 1997-ci ildən keçirilən "ARD-DeutschlandTrend" sorğusunun bütün tarixində kansler üçün qeydə alınmış ən aşağı göstəricidir, dpa agentliyi xəbər verir.
ARD üçün Infratest dimap tərəfindən keçirilən araşdırmaya əsasən, respondentlərin 88 faizi Merzin fəaliyyətindən müəyyən dərəcədə narazı olduğunu bildirib. Sentyabrın əvvəlində onun fəaliyyətini respondentlərin 13 faizi dəstəkləyirdi.
Merzin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (CDU) da Bavariyanın Xristian-Sosial İttifaqı (CSU) ilə birlikdə aşağı göstəricilər nümayiş etdirir. Bundestaq seçkiləri qarşıdakı bazar günü keçirilsəydi, onlar səslərin 20 faizini əldə edərdilər ki, bu da sentyabr ayı ilə müqayisədə 1 faiz bəndi azdır.
Eyni zamanda, “Almaniya üçün Alternativ” (AfD) partiyası 27 faizlə birinci yeri qoruyur. “Yaşıllar”a respondentlərin 16 faizi, Almaniya Sosial-Demokrat Partiyasına (SPD) 13 faizi, “Sol”a isə 11 faizi səs verməyə hazırdır. Azad Demokratik Partiya (FDP) 4 faiz səs toplayır və beş faizlik seçki baryerini keçə bilmir.
Kanslerin aşağı reytinqi fonunda SPD-dən müdafiə naziri Boris Pistorius əhəmiyyətli dərəcədə daha yüksək qiymətləndirilir: respondentlərin 50 faizi onun fəaliyyətini dəstəkləyir.
CDU-dan xarici işlər naziri Yohann Vadefulun fəaliyyətindən 34 faiz, CSU-dan daxili işlər naziri Aleksander Dobrindtin fəaliyyətindən isə 27 faiz razıdır. SPD-dən maliyyə naziri Lars Klinqbayli təxminən 20 faiz, əmək naziri Bärbel Bas isə təxminən 16 faiz dəstək alır.
Sorğu sentyabrın 28–30-da Almaniyada səsvermə hüququ olan 1303 vətəndaş arasında keçirilib.