Son həftələrdə Argentinanın cənubundakı sahillərə yüzlərlə ölü cənub sağ balinasının balası çıxıb. Xüsusilə çoxsaylı balina balasının tələf olması halları Çubut əyalətində qeydə alınıb. İlk hallar burada hələ iyun ayında aşkarlanmışdı.
Alimlər ehtimal edirlər ki, buna ağrı və yüksək hərarətə səbəb olan ciddi bakterial dəri infeksiyası – erizipeloid səbəb ola bilər.
"PostMedia" “Bild”ə istinadən yazır ki, dəniz bioloqu Mariano Coscarella-nın sözlərinə görə, böyük ehtimalla söhbət ölümün təbii səbəbindən gedir. Bununla belə, insan fəaliyyətinin təsirini tamamilə istisna etmək hələ mümkün deyil.
Puerto Madryn və yaxınlıqdakı Valdes yarımadası cənub sağ balinalarının çoxalması üçün əsas ərazilərdən biridir. Ötən il burada rekord sayda – 2110 balina, o cümlədən 800 bala qeydə alınmışdı. Bu il isə 1375 canlı balina, onlardan təxminən 400-ü bala olmaqla qeydə alınıb.
Bununla yanaşı, tədqiqatçılar hazırkı tələfatı hələlik bütün populyasiya üçün təhlükə hesab etmirlər. Cənub sağ balinaları orta hesabla 60 ildən çox yaşayır.