6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycanın Rusiyadakı səfiri: “Müttəfiqlik birtərəfli hərəkət yolu deyil”

24-avqust-2026, 11:34
Azərbaycanın Rusiyadakı səfiri: “Müttəfiqlik birtərəfli hərəkət yolu deyil”
Yazı Ölçüsü:

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Bakı ilə Moskva arasında münasibətlərin hazırkı mərhələsini ümumilikdə müsbət qiymətləndirib, lakin Rusiya mediasında Azərbaycanla bağlı yaradılan mənfi informasiya fonunun ikitərəfli müttəfiqlik münasibətlərinin inkişafına mane olduğunu bildirib.

"PostMedia"nın məlumatına görə, R.Mustafayev "RTVI"yə açıqlamasında qeyd edib ki, Bakıda Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakteri, hökumətlər, aidiyyəti nazirlik və qurumlar arasında dialoqun, eləcə də regionlararası əməkdaşlığın fəallaşması müşahidə olunur.

“Bakı Moskva ilə ikitərəfli qarşılıqlı fəaliyyəti strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirməyə köklənib. Bu mövqe ölkəmizin prezidentinin Rusiya prezidenti ilə martın 11-də və iyulun 28-də baş tutmuş telefon danışıqları zamanı da təsdiqlənib”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, 22 fevral 2022-ci il tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi Rusiya informasiya məkanında Azərbaycan əleyhinə yaradılan “son dərəcə mənfi informasiya fonu” səbəbindən çətinləşir.

Diplomat bildirib ki, bəzi rusiyalı ekspertlər, bloqerlər və jurnalistlər sosial şəbəkələrdə və KİV-lərdə Azərbaycanı Rusiyaya qarşı “dost olmayan” dövlət kimi təqdim edən tezisləri məqsədyönlü şəkildə yayırlar.

“Bu gün ən azı 96 Rusiya xəbər portalı, Telegram və YouTube kanalı və digər KİV milyonlarla auditoriya qarşısında bu tezisləri müxtəlif dövrlərdə təbliğ edir və bu rəqəm hər gün artır”, - deyə Mustafayev vurğulayıb.

Səfirin sözlərinə görə, Azərbaycan diplomatik kanallar vasitəsilə Rusiya tərəfinin diqqətinə ölkəyə, xalqa və rəhbərliyə qarşı səsləndirilən təhqiramiz və təxribat xarakterli bəyanatlarla bağlı konkret faktları çatdırıb.

“Bu vəziyyəti tamamilə normal və qəbuledilməz hesab edirik və Moskvanın prinsipial reaksiyasına və onun düzəldilməsi istiqamətində konkret addımlar atacağına ümid edirik”, - Mustafayev deyib.

O, Rusiyanın “informasiya fonunun sağlamlaşdırılması” məqsədilə profil məsləhətləşmələri keçirmək təklifinə də münasibət bildirib. Səfir hesab edir ki, əsas məsələ məsləhətləşmələrin keçirilməsi deyil, Rusiya informasiya məkanında Azərbaycana qarşı təxribatçı ritorikanın dayandırılması üçün təxirəsalınmaz və effektiv tədbirlərin görülməsidir.

Mustafayev qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif siyasi səviyyələrdə keçirilən görüşlər zamanı Rusiyanın media və informasiya məkanında Azərbaycan, onun xalqı və rəhbərliyinə qarşı səsləndirilən təhqiramiz bəyanatlarla bağlı ciddi narahatlığını dəfələrlə ifadə edib.

Onun sözlərinə görə, vəziyyət artıq Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə ssenarilərinin müzakirəsinə və Azərbaycan xalqı ilə rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışlara qədər gəlib çatıb.

“Bakı həmişə dialoqa açıq olub, lakin bu halda prioritet Rusiya media məkanında Azərbaycana münasibətdə yaranmış vəziyyətə aydın siyasi qiymət verilməsi və Moskvanın onun sağlamlaşdırılması istiqamətində konkret tədbirlər görməsidir”, - deyə səfir bildirib.

Mustafayev Azərbaycanın Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini də vurğulayıb. O bildirib ki, Bakı ikitərəfli əlaqələri bərabərhüquqluluq, qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf etdirməyə hazırdır.

“Lakin müttəfiqlik qarşılıqlı fəaliyyəti birtərəfli hərəkət yolu deyil. Moskvanın da eyni istiqamətdə hərəkət etməyə hazır olması vacibdir”, - deyə Azərbaycanın Rusiyadakı səfiri fikirlərini yekunlaşdırıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31