Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" telekanalına müsahibəsində Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasının vacibliyini bildirib.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, Ermənistandan daxil olan siqnallar ölkədə yeni Konstitusiyanın qəbul edilməsi prosesinin başlandığını göstərir.
Hikmət Hacıyev qeyd edib ki, həmin ərazi iddiaları Konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün heç bir maneə görməyəcək.
“Üstəlik, regionumuzda artıq de-fakto sülh hökm sürür”, – deyə o bildirib.
Prezidentin köməkçisi Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinə də toxunaraq bildirib:
“Elə bir masa yoxdur ki, orada Türkiyə olmasın, Azərbaycan olsun və ya Azərbaycan olmasın, Türkiyə olsun. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bu bundan sonra da davam edəcək.”