Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerlə görüşəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
“Dmitriyevin ABŞ-yə səfəri Nyu-Yorkda baş tutacaq və bu ayın əvvəlində Kremldə (Rusiya Prezidenti Vladimir) Putinin ABŞ nümayəndələri ilə keçirdiyi görüşün davamı olacaq. Səfərin məqsədi Rusiya-ABŞ dialoqunu və sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri davam etdirməkdir”, – nəşrin məlumatında qeyd olunur.
Bildirilib ki, tərəflər Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığı, enerji məsələlərini, həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə edəcəklər.