Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Əvvəllər Milli Müstəqillik Günü kimi qeud edilən bu bayram 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.
“PostMedia” xəbər verir ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa edib.
1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün ərzində müzakirələr aparıb. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt sözügedən Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər.
Qeyd olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Həmin Konstitusiya Aktı altı fəsil, otuz iki maddədən ibarətdir və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılmışdır və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Azərbaycan Milli Məclisinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib.
Həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.