Moskva və İrəvan Qafanda Rusiyanın Baş Konsulluğunun, Vladiqafqazda isə Ermənistanın konsulluq bölməsinin açılması məsələsini müzakirə edir.
"PostMedia" xəbər verir ki, bunu Vladiqafqazda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri Baqir Mamiyev bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hələ 2023-cü ildə Şimali Osetiyada Ermənistanın konsulluq nümayəndəliyinin açılmasının planlaşdırıldığını açıqlamışdı.
Mamiyevin sözlərinə görə, həm Vladiqafqazda Ermənistanın konsulluq bölməsinin, həm də Qafanda Rusiyanın Baş Konsulluğunun açılması məsələləri ikitərəfli gündəmdən çıxarılmayıb. Bununla belə, o, bu istiqamətdə konkret vaxt barədə danışmağın hələ tez olduğunu qeyd edib.
O əlavə edib ki, Vladiqafqazdakı nümayəndəlik Rostov-na-Donuda fəaliyyət göstərən Ermənistanın Baş Konsulluğu ilə sabit işgüzar əlaqələri davam etdirir.
Bu əməkdaşlıq, həmçinin Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru marşrutu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsində erməni yükdaşıyıcılarının üzləşdiyi məsələləri də əhatə edir.