6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Fransa Rusiyanı prezidentliyə mümkün namizədlərə qarşı dezinformasiya kampaniyası aparmaqda şübhəli bilir

05-avqust-2026, 03:17
Fransa Rusiyanı prezidentliyə mümkün namizədlərə qarşı dezinformasiya kampaniyası aparmaqda şübhəli bilir
Yazı Ölçüsü:

Fransa hakimiyyəti 2027-ci il prezident seçkilərində namizəd ola biləcək iki aparıcı siyasətçi haqqında saxta məlumatların yayılmasının arxasında Rusiyanın dayana biləcəyindən şübhələnir.

"PostMedia" xəbər verir ki, bu barədə AFP təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Fransa qurumları Avropa Parlamentinin solçu deputatı, Kremlin tənqidçisi kimi tanınan və prezidentliyə mümkün namizəd hesab edilən Rafael Qlyuksmana qarşı yönəlmiş dezinformasiya kampaniyası aşkarlayıb. Bildirilir ki, bu əməliyyat əvvəllər Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən "Storm-1516" təbliğat şəbəkəsi ilə bağlı olub.

Qlyuksman özü isə bildirib ki, Rusiya strukturları "2027-ci il seçki kampaniyasını sabitlikdən çıxarmaq üçün əməliyyatlara başlayıb". Onun sözlərinə görə, guya onun namizədliyini dəstəkləyən proqram barədə saxta hekayə hazırlanıb. Bunun yayılması üçün saxta sənədlərdən, süni intellektlə yaradılmış səslərdən və tamamilə uydurma videodan istifadə olunub.

Siyasətçinin sözlərinə görə, kampaniyanın məqsədi Rusiya hakimiyyətinin rəqib hesab etdiyi şəxsləri nüfuzdan salmaq üçün "tamamilə yalan" məlumatlar yaymaq olub.

Bundan əvvəl "Storm-1516" şəbəkəsi Fransanın keçmiş Baş naziri Eduar Filippin səhhəti ilə bağlı saxta məlumat yaymaqda da şübhəli bilinirdi. O, seçkilərdə ifrat sağçıların ən güclü potensial rəqiblərindən biri hesab olunur.

Bundan əlavə, Fransa hakimiyyətinin məlumatına görə, həmin şəbəkə Prezident Emmanuel Makronun məhkum olunmuş seksual cinayətkar Ceffri Epşteynlə guya əlaqələri barədə saxta iddiaların yayılması kampaniyası ilə də bağlı ola bilər.

Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Sağ siyasi düşərgənin əsas namizədlərindən biri dələduzluq işi üzrə məhkum olunmasına baxmayaraq seçkilərdə dördüncü dəfə iştirak etməyi planlaşdıran Marin Le Pen hesab olunur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31