ABŞ İranın nüvə yanacağını seyrəltməsini, daha sonra isə onun utilizasiya edilməsini və ya ABŞ-nin və digər ölkələrin atom elektrik stansiyalarında istifadəsini tələb edir.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" müzakirələrdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmaya görə İrana zərbə endirmək planlarını ləğv edib. Qəzetin məlumatına görə, İran və Oman boğazın açılması ilə bağlı razılığa gəlmək üçün 60 gün vaxt əldə ediblər. Bundan sonra Vaşinqton və Tehran uran ehtiyatlarının taleyi ilə bağlı danışıqları bərpa etməlidirlər.
Məlumata əsasən, ABŞ seyrəldilmiş nüvə yanacağının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağı və onun ölkədən çıxarılmasını istəyir.
Bununla belə, qəzetin həmsöhbətləri hesab edirlər ki, nüvə danışıqları payızadək uzana bilər. Onlardan bəziləri uranla bağlı razılığın əldə olunacağına şübhə ilə yanaşır və Vaşinqtonun sadəcə bəyan edəcəyini düşünür ki, İranın uranı 2025-ci ilin iyununda bombalanmış obyektlərin dağıntıları altında qalıb.
İyulun 8-də Donald Trampın iyunun 18-də əldə edilmiş atəşkəsin artıq qüvvədə olmadığını bildirməsindən sonra ABŞ ordusu İrana yeni zərbələr endirib. Vaşinqton bunu Tehranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı fəaliyyətləri ilə əsaslandırıb.
Buna cavab olaraq İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumun şərtlərini pozmaqda ittiham edib.