Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesindən daha irəli mərhələyə çatıb.
"PostMedia" xəbər verir ki, bunu avqustun 2-də Ermənistan Milli Məclisinin iclasında parlament sədri vəzifəsinə namizəd, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə keçmiş xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan prosesində artıq praktik nəticələr əldə olunub.
"Məsələn, Azərbaycan tərəfi Türkiyədən daha əvvəl Ermənistan üzərindən dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında artıq birbaşa ticarət mövcuddur. Xüsusilə neft məhsulları üzrə", – deyə Rubinyan bildirib.
Rubinyan qeyd edib ki, Türkiyə tərəfinin də Ermənistanla münasibətlərin normallaşdırılması prosesini sürətləndirməsinin vaxtı çatıb.
"Mən heç bir səbəb görmürəm ki, Ermənistan və Türkiyə artıq sabah diplomatik münasibətlər qurmasın və sərhədi açmasın", – deyə parlament sədrliyinə namizəd vurğulayıb.
O etiraf edib ki, proses gözləniləndən daha ləng irəliləyir, lakin buna baxmayaraq, nikbin olduğunu bildirib:
"Münasibətlərin normallaşması yaxındır və bu, yalnız zaman məsələsidir."