6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

İran ABŞ-dən müdafiə üçün "bütün mövcud vasitələrdən" istifadə edəcəyini bəyan edib

02-avqust-2026, 09:54
İran ABŞ-dən müdafiə üçün "bütün mövcud vasitələrdən" istifadə edəcəyini bəyan edib
Yazı Ölçüsü:
Tehran BMT Nizamnaməsinin pozulduğunu iddia etdiyi ABŞ-nin hərəkətlərinə cavab olaraq özünümüdafiə hüququnu həyata keçirmək üçün "bütün mövcud vasitələrdən" istifadə etmək niyyətindədir.
"PostMedia" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
ABŞ-nin dəniz blokadası, həm İran ərazisində, həm də ondan kənarda yerləşən hərbi və mülki obyektlərə endirdiyi zərbələr BMT Nizamnaməsinin güc tətbiqini və güclə hədələməyi qadağan edən 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulmasıdır.
İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını da tənqid edərək, baş verən hadisələr fonunda zəruri addımlar atmadığını bildirib.
Nazirlik mövcud vəziyyəti İran-İraq müharibəsi dövründə Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi ilə müqayisə edib, BMT Baş katibinin bəyanatlarını isə "qeyri-müəyyən və ikimənalı" adlandırıb.
Tehranın bəyanatına görə, ABŞ-nin son 15 ay ərzindəki hərəkətləri BMT Nizamnaməsinin Təhlükəsizlik Şurasının sülhə təhdid, sülhün pozulması və ya təcavüz aktı hallarında müdaxiləsini nəzərdə tutan 39-cu maddəsinin bütün meyarlarına uyğundur.
İran həmçinin Vaşinqtonu iyunun 18-də qüvvəyə minmiş atəşkəs rejimini əvvəlcədən planlaşdırılmış şəkildə pozmaqda ittiham edib. XİN iddia edir ki, iyulun 5-dən 17-dək ABŞ freqatları dəfələrlə iri neft və qaz tankerlərini müşayiət edib, ABŞ hərbçiləri isə guya ticarət gəmilərindən şəxsi heyət və hərbi texnika daşınması üçün istifadə ediblər.
Tehranın iddiasına əsasən, gəmilərdə izləmə sistemlərinin söndürülməsi onların hərəkətlərini İran Silahlı Qüvvələrindən gizlətmək məqsədi daşıyıb.
Bundan əlavə, İran XİN bəyan edib ki, ABŞ yeni zərbələr üçün bəhanə kimi Hörmüz boğazından "icazəsiz və təhlükəli marşrut" üzrə keçdiyi iddia olunan üç gəmi ilə bağlı insidentlərdən istifadə edib.
Bəyanatda vurğulanır ki, İran "region ölkələrinə qarşı düşmənçilik bəsləmir" və Fars körfəzi hövzəsindəki qonşu dövlətlərlə dostluq münasibətlərini qorumağa çalışır.
Bununla yanaşı, Tehran xəbərdarlıq edib ki, İrana qarşı hücumlar üçün ərazi və ya infrastruktur təqdim olunması BMT-nin təcavüz anlayışına uyğun olaraq təcavüz aktı kimi qiymətləndirilə bilər.
Sonda İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə "Amerika-sionist koalisiyası" adlandırdığı qüvvələrə qarşı milli ləyaqətini və müstəqilliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31