Rəsmi Vilnüs Belarusiyaya ölkənin hava məkanını pozması ilə bağlı rəsmi etiraz notası təqdim edib.
"PostMedia" xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi çərşənbə günü bəyan edib.
Bildirilib ki, Belarusun Litvadakı işlər üzrə müvəqqəti vəkili nazirliyə çağırılaraq hava məkanının iki dəfə pozulması ilə bağlı nota ilə tanış edilib.
Məlumata görə, oktyabrın 21-i axşam saatlarında radar sistemləri Belarus istiqamətindən Litva hava məkanına meteoroloji şarların qanunsuz daxil olmasını qeydə alıb.
“Bu hadisə mülki aviasiya və ictimai təhlükəsizlik üçün təhdid yaradır, həmçinin Vilnüs hava limanının normal fəaliyyətinə maneə törədərək maddi zərər vurub,” – deyə Litva Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Nazirlik bildirib ki, dövlət sərhədinin pozulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Minskə öz hava məkanına nəzarəti gücləndirməyi, əvvəlki oxşar halları nəzərə alaraq yeni insidentlərin qarşısını almaq üçün araşdırma aparmağı tələb edib.
Litva XİN həmçinin xəbərdarlıq edib ki, gələcəkdə hava məkanının yenidən qanunsuz pozulması halında müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.