Böyük Britaniyada Parkinson xəstəliyindən əziyyət çəkən qadın beyin stimulyasiyası üçün elektrodların yerləşdirildiyi əməliyyat zamanı klarnet ifa edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
69 yaşlı Deniz Beykon 2014-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirmiş. Xəstəlik onun yeriməsini, rəqs etməsini və uzun illər üzvü olduğu orkestrdə ifa etməsini çətinləşdirib. Hərəkətlərin idarəsini bərpa etmək üçün o, Londonun "King’s College Hospital" xəstəxanasında beyin dərin stimulyasiyası əməliyyatına alınıb.
Nevrocərrah Keyumars Aşkan bildirib ki, xəstənin kəlləsində beşpenslik sikkə ölçüsündə iki kiçik deşik açılıb. Xüsusi naviqasiya çərçivəsi elektrodların dəqiq yerləşdirilməsini təmin edib. Əməliyyat yerli anesteziya ilə aparıldığı üçün qadın ayıq qalıb və cərrahi müdaxilə zamanı klarnet çalmağa razılaşıb.
"Stimulyasiya başladıqdan dərhal sonra onun əl hərəkətlərində ani yaxşılaşma müşahidə etdik. Elektrodlar beynin sol hissəsinə yerləşdirildikdə sağ əlin hərəkətləri daha dəqiq oldu və o, axıcı şəkildə ifa etməyə başladı. Eyni effekt sağ tərəfə elektrodlar yerləşdirildikdən sonra da müşahidə edildi”-deyə həkim əlavə edib.
Deniz Beykon özü bildirib ki, əməliyyatdan sonra demək olar ki, dərhal yüngüllük hiss edib:
“Stimulyasiyadan sonra sağ əlim daha asan hərəkət etməyə başladı, mən yenidən klarnet çalmağa qadir oldum. Özümü daha yüngül hiss edirəm, daha yaxşı yeriyirəm və yenidən rəqs etməyi arzulayıram”.
Xəstənin sinə nahiyəsinə yerləşdirilmiş yenidən doldurulan impuls generatoru beyin stimulyasiyasının səviyyəsini beynin aktivliyinə uyğun olaraq avtomatik tənzimləyir və 20 ilə qədər işləyə bilər.