Finlandiyanın xarici işlər naziri Elina Valtonen 14 oktyabrda Tbilisidə keçirilən etiraz aksiyasında yolu bağladığına görə cərimələnib.
"PostMedia" xəbər verir ki, bu barədə "Imedi" telekanalı məlumat yayıb.
Finlandiyanın XİN rəhbəri Gürcüstana səfəri zamanı 14 oktyabrda Tbilisinin mərkəzində, Rustaveli prospektində keçirilən etiraz aksiyasına qatılıb və iştirakçılara dəstək ifadə edib. Aksiya zamanı Valtonen video müraciət də yayımlayaraq bildirib ki, parlament binası qarşısında ölkənin “repressiv kursu”ndan narahat olan dinc nümayişçilər toplaşıb.
Gürcüstan qanunvericiliyinə əsasən, aksiyada iştirak edənlərin sayı az olduqda və yolun tam bağlanması üçün yetərli olmadığı halda, avtomobil hərəkətinə mane olmaq 5 000 lari (təxminən 3 137 manat) cərimə cəzası kəsilib.
2024-cü ilin noyabr ayının sonlarından etibarən vətəndaş cəmiyyətinin bir hissəsi etiraz hərəkatında iştirak edir və nümayişçilər vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini və tərəfdarlarının həbsdən azad edilməsini tələb edirlər. Aksiyada ümumilikdə 50-yə yaxın insan iştirak edir və onlar axşam saatlarında Tbilisidə Rustaveli prospektini bağlayırlar.
Finlandiya XİN rəhbərinin Tbilisidə aksiyada iştirakı Gürcüstan XİN-in ATƏT-in katibliyinə etiraz notası göndərməsinə səbəb olub. Notada qeyd edilir ki, Elina Valtonen rəsmi səfər proqramından kənar olaraq azsaylı anti-hökumət fəallarının təşkil etdiyi küçə aksiyasına qoşulub və Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdinə bənzər bəyanat səsləndirib.