Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlman kuryerlərinə “haram” kateqoriyasına aid malların çatdırılmasını qadağan edib.
“PostMedia” xəbər verir ki, siyahıya spirtli içkilər, qumar oyunları, donuz əti və şəriət qanunlarını pozaraq kəsilən heyvanların əti daxildir.
Fətvada həm də kuryerlərə mənşəyi və tərkibi onlara məlum olmayan malları, məsələn, açılmamış qutuları çatdırmağa icazə verilir. Əgər kuryer onun içindəkilərdən xəbərsizdirsə və qadağan olunmuş bir şeyi daşımaq niyyəti yoxdursa, bu cür çatdırılma günah sayılmır. Fətvaya əsasən, burada kəlami prinsip tətbiq olunur: “Hər şey ilkin olaraq, dəlillər haramlığa dəlalət edənə qədər caizdir”.
Şura həmçinin aydınlaşdırıb ki, bir sifarişdə həm icazəli, həm də qadağan olunmuş əşyalar varsa, çatdırılma mümkündür, lakin baxmaq lazımdır ki, malların əksəriyyəti halaldır. Bununla belə, gəlirin bir hissəsinin "qazancı təmizləmək" üçün xeyriyyə işlərinə sərf edilməsi tövsiyə olunur.
Üləmalar Şurasının sədri Şamil Alyautdinov bildirib ki, fətvalar tövsiyə xarakteri daşıyır və ibadət etməyən müsəlmanlara təsir etmir.
" Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası dövlət orqanı deyil və heç nəyə icazə və ya qadağa qoya bilməz. O, sadəcə olaraq, nəyin İslam normalarına uyğun olub, nəyin uyğun olmadığına aydınlıq gətirir", - o qeyd edib.
Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirib ki, qərar Rusiya Konstitusiyasının ən azı beş maddəsinə ziddir. “Gazeta.Ru”ya danışan Dövlət Dumasının deputatı Mixail Matveyev fətvanı ölkənin iqtisadi fəaliyyətinə müdaxilə adlandırıb və bunu qəbuledilməz elan edib.