Nyu-Yorkda keçirilən "Concordia Zirvəsi"ndə Suriya lideri Əhməd Şara Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru və İraqdakı ABŞ Ordusunun komandanı Devid Petreus ilə görüşüb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, illər əvvəl fərqli tərəflərdə olan iki liderin söhbəti diqqət çəkib.
Petreus Şara ilə zarafatla deyib ki, 20 il əvvəl İraqda fərqli tərəflərdə olublar və Şara ABŞ qüvvələri tərəfindən 5 il həbsdə saxlanılıb. Şara isə cavab verib ki, “keçmişi bugünün qaydaları ilə mühakimə edə bilmərik, bu günü də keçmişin qaydaları ilə qiymətləndirə bilmərik”.
Şara həmçinin ABŞ ilə əməkdaşlıq istədiklərini bildirərək, “Amerika ilə maraqlarımız üst-üstə düşür. Suriya üçün yeni səhifə açmalıyıq, amma sanksiyalar yalnız xalqın əzabını artırır” - deyib.
Petreusun, “Məhdud qüvvə ilə Əsəd rejimini necə devirdiniz?” sualına cavab olaraq Şara vurğulayıb: “Doğru zamanı və yeri seçmək vacib idi. Kiçik və intizamlı güc, böyük və intizamsız gücü məğlub edər”.