ABŞ daxili təhlükəsizlik nazirinin keçmiş rəhbəri Kristi Noem 34 illik evlilikdən sonra əri Brayan Noemə qarşı boşanma ərizəsi verib.
"PostMedia" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Ərizə apreldə cütlüyün doğma ştatı Cənubi Dakotada, Hamlin dairəsində təqdim edilib. Sənəd isə bazar ertəsi ictimaiyyət üçün əlçatan olub. Boşanma səbəbi kimi “barışmaz fikir ayrılıqları” göstərilib.
Noem və əri 1992-ci ilin mayında evləniblər və onların üç övladı var. Keçmiş nazirin vəkili ərizənin təqdim edildiyini təsdiqləyib və bildirib ki, Noem məhkəmə prosesi çərçivəsində əlavə açıqlamalar verəcək.
Ərizənin təqdim olunmasından əvvəl bir neçə ay ərzində Kristi Noemin şəxsi həyatı diqqət mərkəzində olub. Daxili təhlükəsizlik naziri vəzifəsindən ayrılmasından bir qədər əvvəl Konqres üzvləri ona xüsusi dövlət xidmətinin əməkdaşı və əsas müşavirlərindən biri olan Kori Levandovski ilə ehtimal edilən nikahdankənar münasibəti barədə suallar ünvanlayıblar. Levandovski 2016-cı ildə Donald Trampın seçki kampaniyasına rəhbərlik edib.
Noem Levandovski ilə münasibətdə olduğunu təkzib edib və bu iddiaları “tabloid cəfəngiyyatı” adlandırıb. Boşanma ərizəsində həmin ittihamların boşanma səbəbinə çevrildiyi barədə heç bir məlumat yoxdur.
Noem 2025-ci ilin yanvarından 2026-cı ilin martına qədər Daxili Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. O, bu vəzifədə digər məsələlərlə yanaşı, Tramp administrasiyasının miqrasiya siyasətinin həyata keçirilməsi ilə məşğul olub.
Onun vəzifədən ayrılmasından sonra prezident nazir vəzifəsinə Oklahoma ştatından senator Markveyn Mallini təyin edib. Noem isə Qərb yarımkürəsinin təhlükəsizliyinə həsr olunmuş yeni “The Shield of the Americas” təşəbbüsü çərçivəsində xüsusi nümayəndə vəzifəsinə təyin edilib.
Noemin nazir vəzifəsində olduğu son aylarda Minneapolisdə immiqrasiya xidmətinin əməkdaşları tərəfindən güllələnən iki etirazçının ölümü ilə bağlı verdiyi açıqlamalar, eləcə də Daxili Təhlükəsizlik Nazirliyinin xərcləri də tənqidlərə səbəb olub.