Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib ki, yaxın günlərdə Çindən ABŞ-dəki zooparklardan birinə iki nəhəng panda göndəriləcək.
"PostMedia" xəbər veirr ki, "Ağ Ev"də çıxışı zamanı Çin lideri nəhəng pandanı Çin və ABŞ arasında dostluğun tarixi “səfiri” adlandırıb və iki pandanın yaxın zamanda Atlanta zooparkında olacağını açıqlayıb.
Bu ilin əvvəlində “Zoo Atlanta” şəhərə Pin-Pin və Fu Şuan adlı pandaların gətiriləcəyini açıqlamışdı.
Pekin və Vaşinqton arasında “panda diplomatiyası” 1972-ci ildə ABŞ Prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra başlayıb. Prezident Mao Tszedunun hökuməti ABŞ-a iki nəhəng panda hədiyyə etmişdi. “CNN” qeyd edir ki, bu, bir neçə onillik diplomatik gərginlikdən sonra ikitərəfli münasibətlərin istiləşməsinin simvoluna çevrilmişdi.
Çin və ABŞ tərəfləri arasında bağlanan razılaşmalara əsasən, Pekin pandalar və onların balaları üzərində mülkiyyət hüququnu saxlayır. ABŞ zooparkları həmçinin “Çində nəhəng pandaların qorunması məqsədləri üçün” ödənişlər etməlidirlər.