“Politico” jurnalistinin "Ağ Ev"ə girişinə icazə verilməyib. Halbuki məhkəmə bu nəşrin, həmçinin CNN və “MS NOW” jurnalistlərinin "Ağ Ev"ə müvəqqəti girişinə icazə verilməsi barədə qərar qəbul etmişdi.
"PostMedia" xəbər verir ki, bu barədə “Politico” özü yazıb.
ABŞ Məxfi Xidməti sentyabrın 24-də səhər, məhkəmənin müvafiq qərar qəbul etməsindən sonra jurnalistin vəsiqəsini əlindən alıb.
Ötən həftə ABŞ administrasiyası CNN, “Politico” və “MS NOW” jurnalistlərinin "Ağ Ev"də keçiriləcək tədbirlərdə iştirakına icazə verməyəcəyini açıqlamışdı. Bu addım Amerika mediasında belə qərarların mətbuat azadlığı prinsipini pozub-pozmaması ilə bağlı müzakirələrə səbəb olmuşdu.
ABŞ Ədliyyə Nazirliyi isə Prezident Donald Trampın milli təhlükəsizlik mülahizələrinə əsaslanaraq media nümayəndələrinin "Ağ Ev"ə girişini qadağan etmək hüququna malik olduğunu bildirir.
Jurnalistlərin "Ağ Ev"ə girişinin bərpa olunması tələbi ilə CNN, “MS NOW” və “Politico” Kolumbiya dairəsi üzrə məhkəməyə müraciət edib. Media qurumları bildiriblər ki, onlar “Birinci Düzəliş çərçivəsində hüquqlarını qorumaq və hökumətin mətbuatın konkret olaraq nəyi işıqlandıracağına və ya dərc edəcəyinə qərar verməməsi prinsipini müdafiə etmək” niyyətindədirlər.