Rusiya prezidentinin müşaviri Yelena Yampolskaya Ermənistanın Baş naziri Nikol Paşinyanın rus dilinə maraq göstərməsinin sevindirici olduğunu bildirib.
"PostMedia"nın yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, o, qeyd edib ki, İrəvandakı “Moskva Evi” bu həftə gələn həftədən başlayacaq pulsuz rus dili kursları barədə elan verib və “Ermənistanın bir çox vətəndaşının bu kurslarda iştirak etmək istəyəcəyinə” əminliyini ifadə edib.
“Yeri gəlmişkən, ötən həftənin sonunda Ermənistanın baş naziri rus dili ilə bağlı etirafla çıxış edərək hazırda rus dili dərslərinə getdiyini bildirib. Belə maraq, ümumilikdə, əlbəttə ki, sevindirici haldır. Baxmayaraq ki, bu açıqlama gözlənilməzdir. Çünki Nikol Paşinyan ŞƏT-in əvvəlki sammitində MDB-yə üzv ölkələrin liderləri arasında rus dilində çıxış etməyən yeganə şəxs olub”, – Yampolskaya deyib.
“Amma görünür, o da hər halda rus dili olmadan keçinə bilmir”, – prezidentin müşaviri fikrini yekunlaşdırıb.
Sentyabrın 17-də Ermənistan hökumətinin iclasında Paşinyan İdarəçilik Akademiyasında rus dili kurslarına getdiyini açıqlayıb.
Sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT+” sammitində Ermənistanın baş naziri ilk dəfə bu formatda keçirilən tədbirdə erməni dilində çıxış edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha sonra Paşinyanın bu qərarını qəribə adlandırıb.