İlon Mask bildirib ki, o, müasir Kassandradır: gələcəyi çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur.
"PostMedia" əbə verir ki, "The Economist"ə "The Insider" rubrikası üçün verdiyi 90 dəqiqəlik müsahibəsində Mask deyib: “İnsanlar mənim danışdıqlarımın həqiqətən baş verəcəyini anlamırlar”. Müsahibə elektrik avtomobillərinin istehsal xəttindən özü çıxarıldığı Texasdakı nəhəng Tesla zavodunda baş tutub.
Maskın gələcəklə bağlı təsvir etdiyi mənzərələr narahatedicidən açıq şəkildə qəribəyə qədər dəyişir. Onun proqnozuna görə, beş il ərzində süni intellekt sistemləri bütün bəşəriyyətin ümumi intellektini geridə qoya bilər. On il ərzində robotlar iş yerlərində insanlara elə kömək edəcək ki, dünya “inanılmaz bolluq” dövrünə qədəm qoyacaq və pul öz əhəmiyyətini itirəcək. 20 il sonra isə uzun illərdir getmədiyi Britaniyada vətəndaş müharibəsi başlayacaq.
Maskın proqnozlarına inanıb-inanmamaq ayrı məsələdir, lakin onun fikirlərinə ciddi yanaşmaq lazım gəlir. Tesla və SpaceX-in rəhbəri, raketlər hazırlayan və şirkətini süni intellekt sahəsində nəhəngə çevirən Mask gələcəyin formalaşmasına digər biznesmenlərdən daha çox təsir göstərir. Onun maliyyə imkanları və mühəndislik nailiyyətləri ilə möhkəmlənən təsiri "Ağ Ev"dən dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Ukraynaya qədər uzanır. Maskın sahibi olduğu X sosial şəbəkəsində 240 milyon izləyicisi var. Buna görə də onun, xüsusilə də ən mübahisəli fikirlərinin ciddi nəticələri ola bilər.
Qara ayaqqabılar və kürəyində özünün Grok çat-botunun loqotipi olan dəri gödəkçə geyinən Mask elektrik avtomobillərinin kütləvi istehsalını təşkil etməsinə və bütün çətinliklərə baxmayaraq dəfələrlə təkrar istifadə edilə bilən raketləri kosmosa göndərməsinə kömək edən polad iradəsini nümayiş etdirib. Eyni zamanda o, öz reallıq təsəvvürünü formalaşdırmaq istəyinin nə qədər güclü olduğunu da göstərib.
Bu, Maskın "SpaceX"in birjaya çıxmasından sonra verdiyi ilk geniş müsahibə olub. Şirkətin ilk ticarət günlərində dəyəri 2,6 trilyon dollara çatıb, lakin daha sonra kəskin şəkildə azalaraq 1,6 trilyon dollara düşüb.
Müsahibənin əsas mövzusu süni intellekt olub. Maskın sözlərinə görə, bu texnologiya bir gün onun əhvalını “heyranlıqdan dəhşətə” çevirə bilər. Hələlik isə onun “fəlsəfi nəticəsi” budur ki, “işıqlı tərəfə baxmaq” lazımdır.
Bu yanaşma eyni zamanda onun şəxsi maraqları ilə də üst-üstə düşür. Mask hesab edir ki, nəticədə süni intellekt sistemləri və robotlar rəqəmsal və fiziki tapşırıqların böyük hissəsini yerinə yetirəcək və insan əməyini “məcburi olmayan” hala gətirəcək.
Məhz buna görə "xAI", hazırda "SpaceXAI" adlandırılan struktur, proqramlaşdırma kimi koqnitiv tapşırıqları yerinə yetirən sistemlər hazırlayır, "Tesla" isə "humanoid" robotlar istehsal edir. Mask süni intellekt infrastrukturunun enerji təminatını kosmosda yerləşdiriləcək məlumat mərkəzləri vasitəsilə həyata keçirməyi planlaşdırır.
Əgər iş yerləri qalmayacaqsa, insanların “universal yüksək gəlir” əldə etməsini təmin etmək üçün sərvətin genişmiqyaslı yenidən bölüşdürülməsi lazım gələ bilər. Dünyanın ən varlı insanı “trilyonlarla dollar vergi” ödəməyə hazır olduğunu desə də, eyni zamanda on ildən sonra pulun mənasını itirəcəyini iddia edir. Bu səbəbdən onun fikrincə, hökumətlər sadəcə “insanlara çeklər yazmalıdır”.
Maşınların istehsal etdiyi məhsul və xidmətlərin sonsuz bolluğu şəraitində deflyasiya inflyasiyadan daha ciddi problemə çevrilə bilər.
Mask güclü süni intellekt sistemlərinin artıq birbaşa risklər yaratdığını da etiraf edir. O, qabaqcıl modellərin imkanlarının sürətlə inkişaf etdiyini qeyd edərək "Google DeepMind" şirkətinin həmtəsisçisi Demis Hassabisin ABŞ-də özünütənzimləmə qurumu yaradılması ilə bağlı son təklifini dəstəkləyib.
Mask hesab edir ki, bu təşəbbüs Çinə də şamil edilməlidir. Onun fikrincə, süni intellekt sahəsində aparıcı laboratoriyalar, o cümlədən Çin şirkətləri, yeni modelləri bazara çıxarmazdan əvvəl bir-birlərinə bir-iki həftə ərzində həmin modelləri yoxlamaq imkanı verməlidir. Aşkar edilən risklər barədə isə Vaşinqton və Pekin hökumətlərinə məlumat verilməlidir.
“Rəqiblər bir-birlərinə nəzarət edə və bir-birlərinin aldatmasına imkan verməyə bilərlər”, – deyə Mask bildirib.
Mask Çin süni intellekt laboratoriyalarının inkişafından sahənin digər rəhbərləri, məsələn, "Anthropic" şirkətinin rəhbəri Dario Amodeidən daha az narahat görünür. O, bu ay "Moonshot AI" şirkətinin təqdim etdiyi Kimi "K3" kimi yeni məhsullardan təsirləndiyini deyib və süni intellekt sahəsində Çin şirkətlərinin “müəyyən vaxtda liderə çevrilməsi ehtimalının yüksək olduğunu” bildirib.
Mask bunun əsas səbəbləri kimi Çinin ABŞ-dən əhəmiyyətli dərəcədə çox enerji istehsal etməsini və ölkənin kütləvi şəkildə robot istehsal etmək imkanlarını göstərib.
Mask Tramp administrasiyasının bəzi nümayəndələrinin ABŞ şirkətlərinə Çin modellərindən istifadəni qadağan etmək cəhdlərinə də qarşı çıxır. Onun fikrincə, belə qadağa süni intellekt yarışında qalib gəlməyə imkan verməyəcək.
O, ABŞ-nin ixrac məhdudiyyətləri səbəbindən yaranmış qabaqcıl çip çatışmazlığının Çinin öz litografiya avadanlıqlarını hazırlaması ilə aradan qaldırılacağına inanır. Hazırda məhz bu avadanlıqların çatışmazlığı Çinə yüksək məhsuldarlığa malik prosessorları kifayət qədər istehsal etməyə mane olur.
Bir çox layihəyə rəhbərlik edən biznesmen öz təsirinin miqyasını yaxşı başa düşdüyünü gizlətmir. O, nəticədə süni intellektin demək olar ki, hər şeyə nəzarət edəcəyini düşünür. "SpaceX"dəki dominant mövqeyini isə şirkətin əsas məqsədinə çatmaq üçün zəruri hesab edir: bəşəriyyəti planetlərarası növə çevirmək və Marsda koloniya yaratmaq.
ABŞ siyasətinə təsirindən danışarkən Mask etiraf edib ki, siyasi proseslərə həddindən artıq cəlb olunub.
“Düzünü desəm, mən həddindən artıq aludə oldum”, – deyə o bildirib.
Bununla belə, Mask geosiyasi platformasından imtina etmək niyyətində deyil. Onun Starlink peykləri Ukraynaya yardım məqsədilə istifadə olunsa da, Mask istənilən sülh sazişində Rusiyaya ərazi güzəştlərinin nəzərdə tutulmalı olduğunu müdafiə etməyə davam edir.
Avropadakı ifrat sağçı qüvvələrə mediada verilən xarakteristikanı Mask “saxta, yanıltıcı və mənasız” adlandırıb. Onun fikrincə, söhbət təhlükəsiz şəhərlər, qorunan sərhədlər və ağıllı dövlət xərcləri istəyən “normal insanlardan” gedir.
Maskın Britaniyada vətəndaş müharibəsi ilə bağlı qaranlıq proqnozu isə “baxışları Qərb dəyərlərinə zidd olan” insanların ölkəyə axınının nəticədə ciddi qarşıdurmaya gətirib çıxaracağına dair inamı ilə bağlıdır.
Müsahibədə ondan müsəlmanlara qarşı olub-olmadığı soruşulub.
“Mən zorlama və qətllərə qarşıyam. Qərbdə normal hesab etdiyimiz qaydalara və qanunlara zidd olan qaydaların və qanunların tətbiqinə qarşıyam. Sizin kimi ənənəvi medianın bunu qəbul etməməsi isə çox təəssüf doğurur”, – deyə Mask cavab verib.
Maskın ABŞ-dən kənardakı gələcəklə bağlı qaranlıq təsəvvürlərinin süni intellektə dair utopik baxışları ilə necə uzlaşdığı aydın deyil. Hətta özü də bəzən bütün bunların məntiqli olub-olmadığını sorğulayır.
O, bəzən Kainatın yadplanetlilər tərəfindən yaradılmış kompüter simulyasiyası olduğunu düşündüyünü də bildirib.
“Etdiyim şeylər o qədər inanılmazdır ki, bütün bunların həqiqətən baş verdiyinə inanmaq çətindir”.