Los-Ancelesdən olan 25 yaşlı rejissor və aktrisa Sofiya Maddoks üçün ailə köklərinin araşdırılması əsl kabusa çevrilib.
"PostMedia" xəbər verir ki, atasının genetik testinin nəticələri ailənin adi dünyasını alt-üst edib və onları ABŞ tarixinin ən məşhur cinayətkarlarından biri ilə əlaqələndirib.
Hadisə 2022-ci ildə Sofiyanın atası Daniel Arquellesin bioloji atasını tapmaq qərarına gəlməsi ilə başlayıb. Anası və ögey atası ilə böyüyən Daniel uzun illər davam edən axtarışlardan sonra DNT testindən keçib.
Nəticədə o, Maykl Brunner adlı şəxsi tapıb və testlər onların eyni atadan olan ögey qardaşlar olduğunu təsdiqləyib. Məlum olub ki, Brunner Çarlz Menson və Meri Brunnerin oğludur. Bu isə Daniel Arquellesin də Çarlz Mensonun oğlu olduğu anlamına gəlib.
Atası bu xəbəri bölüşmək üçün Sofiyaya zəng etdikdə, o, söhbətin kimdən getdiyini təxmin etməyə çalışıb. Babasının adını "Google"da axtarıb Mensonun fotolarını görəndə isə Sofiya böyük şok keçirib. Onun sözlərinə görə, aralarındakı zahiri oxşarlıq qorxuducu olub.
Çarlz Menson kimdir?
Çarlz Menson məşhur «Menson ailəsi» adlı sektanın lideri olub. Onun tərəfdarları 1969-cu ilin avqustunda Los-Ancelesdə bir sıra amansız qətllər törədiblər.
Qurbanlar arasında hamiləliyinin doqquzuncu ayında olan, 26 yaşlı aktrisa Şeron Teyt də olub. Rejissor Roman Polanskinin həyat yoldaşı olan Teytlə birlikdə onun dörd qonağı da öldürülüb. Növbəti gecə isə sekta üzvləri supermarket sahibi Leno LaBiankanı və həyat yoldaşını qətlə yetiriblər.
Menson əvvəlcə ölüm cəzasına məhkum edilib, lakin hökm sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. O, 2017-ci ildə, 83 yaşında həbsxanada ölüb.
Sənədli film və ailədə yaranan parçalanma
Sofiya Maddoks bu ailə sirrini və keçirdiyi araşdırmaları "Hulu" üçün çəkilən "Mənim babam Çarlz Mensondur" ("My Grandfather Charles Manson") adlı sənədli filmdə əks etdirib.
Filmdə o, daha çox Mensonun cinayətlərinin və sektanın tarixindən deyil, onun şəxsiyyətinin necə formalaşmasından bəhs edir. Maddoks 1940-cı illərdə Mensonun keçirdiyi ağır uşaqlığın və yetkinlik yaşına çatmayanlar üçün islah müəssisələrindəki qəddar sistemin onun psixoloji dünyasına təsirini araşdırır.
Sofiya bildirib ki, məqsədi Mensonun cinayətlərinə bəraət qazandırmaq deyil, qəddarlığın hansı şəraitdə və hansı səbəblərdən formalaşa biləcəyini anlamaqdır.
Araşdırma ata ilə qızının münasibətlərinə də ağır təsir edib. Daniel Arquelles üçün bioloji atasının Çarlz Menson olduğunu öyrənmək son dərəcə ağrılı olub. Sənədli filmin yaradıcı yanaşması ilə bağlı ata və qız arasında fikir ayrılığı yaranıb və onlar hazırda müvəqqəti olaraq ünsiyyət saxlamırlar.
Bununla belə, Daniel qızı ilə fəxr etdiyini və ona uzaqdan dəstək verdiyini bildirir.
Sofiya isə gözlənilməz bir addım atıb. Film üzərində işlədiyi dövrdə o, soyadını rəsmi şəkildə dəyişərək Menson soyadını götürüb və bu adı özünəməxsus şəkildə yenidən mənalandırmağa çalışıb.
"Menson soyadının mənşəyini araşdırdım və məlum oldu ki, bu, “xeyirxahlıq” mənasını verir. Mənim soyadım xeyirxahlıq deməkdir. Mən onu özümə qaytaracağam. Bu, mənimdir və ona yeni həyat verirəm", – deyə Sofiya bildirib.