Polşanın Zambruv şəhərində 39 yaşlı Ukrayna vətəndaşı ona kömək etməyə gələn polislərə müqavimət göstərib. Alkoqolun təsiri altında olan qadın saxlanılarkən polis əməkdaşlarından birini dişləyib. Yaralı polis infeksion xəstəxanaya yerləşdirilib.
"PostMedia" xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Hadisə bazar ertəsi şəhərin yaşayış məhəllələrindən birində baş verib. Polis səkidə uzanmış və onların əlaqə yaratmaq cəhdlərinə reaksiya verməyən qadın barədə məlumat alıb. Hadisə yerinə gələn əməkdaşlar onun alkoqolun təsiri altında olduğunu müəyyənləşdiriblər.
39 yaşlı qadın polis əməkdaşlarını təhqir etməyə, daha sonra isə aqressiv davranmağa başlayıb. Hadisə yerinə gələn tibb işçiləri onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını müəyyən ediblər. Polis qadını ayılması üçün saxlanılan şəxslər üçün nəzərdə tutulan yerə aparmaq qərarına gəlib.
Qadına qandal taxılarkən o, polisə müqavimət göstərib. Əməkdaşlar onu avtomobilə mindirərkən qadın polis əməkdaşlarından birini dişləyib. Yaralı polisə tibbi yardım göstərilib və o, infeksion xəstəxanaya aparılıb.
Qadın ayıldıqdan sonra polis əməkdaşlarını xidməti vəzifələrini yerinə yetirərkən təhqir etmək və polis əməkdaşının fiziki toxunulmazlığını pozmaq, yəni xəsarət yetirmək ittihamları ilə üzləşib. Bu əməllərə görə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Bundan başqa, polis qadının Polşadan deportasiya edilməsi proseduruna başlayıb. O, Belostok Sərhəd Xidmətinin bölməsinə təhvil verilib.
Ukrayna vətəndaşının mənşə ölkəsinə qaytarılması barədə qərar qəbul edilib və onun 5 il müddətinə Polşaya girişinə qadağa qoyulub.