Süni intellekt insanlara empatiya bacarığını inkişaf etdirməyə kömək edə bilər. Fini̇ks Universitetinin tədqiqatçıları ilkin olaraq belə nəticəyə gəliblər. Onlar pilot tədqiqatın nəticələrini Amerika Psixoloji Assosiasiyasının illik konfransında təqdim ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə Phys.org yazıb.
Tədqiqatda 10 yetkin insan iştirak edib. Onlar tədqiqatçılar tərəfindən xüsusi hazırlanmış, generativ süni intellekt əsasında işləyən virtual personajlarla iki dəfə ünsiyyətdə olublar. Bu sessiyalar zamanı iştirakçılar vəziyyətə müxtəlif baxış bucaqlarından yanaşmağı, emosiyaları tanıyıb adlandırmağı, maraq və empatiya nümayiş etdirməyi, həmçinin münaqişədən sonra münasibətləri bərpa etmək üçün uyğun sözlər seçməyi öyrəniblər.
Təlimdən əvvəl və sonra iştirakçıların empatiya səviyyəsi qiymətləndirilib. Orta nəticə 23,1 baldan 25,8 bala yüksəlib. Ümumilikdə 10 iştirakçıdan 9-da göstəricinin yaxşılaşdığı qeydə alınıb.
Dialoqların təhlili də bir sıra dəyişiklikləri ortaya çıxarıb. İştirakçılar özlərinin və başqalarının emosiyalarını daha yaxşı tanıyıb, digər insanların davranışları ilə bağlı alternativ izahlara daha açıq olublar, onların hərəkətlərini qəsdən düşmənçilik kimi qəbul etməyə daha az meylli olublar və münasibətləri bərpa etməyə yönəlmiş ifadələrdən daha çox istifadə ediblər.
Tədqiqatçılar bildirirlər ki, burada əsas rol hər hansı bir “düzgün” reaksiyanın deyil, ünsiyyət zamanı təhlükəsizlik hissinin tədricən formalaşmasının üzərinə düşüb. Dialoqların ətraflı transkriptləri sessiya ərzində iştirakçıların ünsiyyətinin necə dəyişdiyini izləməyə imkan verib.
Bununla yanaşı, alimlər nəticələrin ilkin xarakter daşıdığını vurğulayırlar. Tədqiqatda cəmi 10 nəfər iştirak edib, nəzarət qrupu olmayıb və müşahidə olunan dəyişikliklər yalnız süni intellektlə qarşılıqlı əlaqə ilə deyil, iştirakçıların gözləntiləri və təcrübəni müşayiət edən mütəxəssislərin fəaliyyəti ilə də bağlı ola bilər. Buna görə də hələlik məhz süni intellektin empatiyanın davamlı şəkildə artmasına səbəb olduğunu iddia etmək mümkün deyil.
Müəlliflər generativ süni intellekti psixoloqların, müəllimlərin və ya insan münasibətlərinin əvəzedicisi kimi deyil, mürəkkəb kommunikasiya vəziyyətlərinin məşqi və təhlili üçün əlavə vasitə kimi nəzərdən keçirməyi təklif edirlər. Xüsusilə belə virtual həmsöhbətlər münaqişələrdən, iş mübahisələrindən və digər vəziyyətlərdən sonra söhbətə əvvəlcədən hazırlaşmaq, qarşı tərəfin mövqeyini daha yaxşı anlamağı öyrənmək üçün istifadə oluna bilər.
Tədqiqatçılar həmçinin psixoterapiya və təhsil sahələrində süni intellektdən istifadə zamanı ciddi nəzarətin vacibliyini vurğulayırlar. Məxfiliyin qorunması, məlumatlı razılığın alınması, mütəxəssislərin peşəkar nəzarətinin saxlanılması və sistemin yaratdığı cavabların tənqidi qiymətləndirilməsi zəruridir.
Nəticələri təsdiqləmək üçün nəzarət qrupları və daha müxtəlif iştirakçılarla daha genişmiqyaslı tədqiqatlara ehtiyac olacaq.