6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Hitlerin 42 milyon dollara olan tapançası usta ilə polisi üz-üzə qoyub

11-avqust-2026, 03:31
Hitlerin 42 milyon dollara olan tapançası usta ilə polisi üz-üzə qoyub
Yazı Ölçüsü:

Təxminən 42 milyon dollar dəyərində olan və guya Adolf Hitlerə məxsus olduğu bildirilən nadir Luger tapançası Argentinada məişət texnikası təmiri ustası ilə polis əməkdaşları arasında gedən kəskin hüquqi mübahisənin predmetinə çevrilib.

"PostMedia" xəbər verir ki, bu barədə “The New York Post” yazır.

Ekspertlərin “odlu silahlar dünyasının Müqəddəs Qədəhi” adlandırdığı silah 2016-cı ildə Buenos-Ayres əyalətinin kənd ərazisində Xuan Pablo Rupelin evində maskalı xüsusi təyinatlıların keçirdiyi axtarış zamanı götürülüb.

“Bu, unikal əşyadır və şübhə yoxdur ki, bu, dünyanın ən bahalı yarımavtomat tapançasıdır”, — 48 yaşlı, dörd uşaq atası olan Rupel bu iş üzrə yaxınlarda çıxarılmış məhkəmə qərarından sonra verdiyi ilk müsahibəsində bildirib.

Rupel bu qorxunc tarixi “artefaktı” alman əsilli əmisi babası Hans Rupeldən miras alıb. Hans əvvəllər Hitlerin mühafizəçisi olub. 2016-cı ildə keçirilən axtarış zamanı Rupel boşqab, stəkan və digər qab-qacaq kimi xırda əşyaları oğurlamaqda şübhəli bilinirdi.

Məhkəmə iddiasına görə, bu iş üzrə ona heç vaxt ittiham irəli sürülməyib. Lakin bu, korrupsioner hüquq-mühafizə əməkdaşlarının onun evindən əfsanəvi Luger tapançasını götürməsinə mane olmayıb.

Söhbət Luger Parabellum .45 calibre No. 5 modelindən — 1907-ci ildə məşhur silah ustası Georg Luger tərəfindən hazırlanmış cəmi beş prototipdən birindən gedir. Silah o qədər əfsanəvidir ki, Maykl Duqlasın canlandırdığı Qordon Gekko obrazı 1987-ci ilin kult filmi “Wall Street”də onu “dünyanın ən nadir tapançası” kimi xatırladırdı.

Lakin ekspertlərin fikrincə, bu nümunənin əsl dəyəri, nə qədər qaranlıq olsa da, məhz Hitlerlə əlaqəsi ilə bağlıdır.

“Baş verənlərin miqyasını anlamaq üçün dərk etmək lazımdır ki, bu, sadəcə gözəl silah deyil. Bu, Üçüncü Reyxin ruhudur, Yer üzündəki ən qiymətli tapançadır”, — ailənin yoxa çıxmış nadir nümunəni tapmaq məqsədilə apardığı müstəqil araşdırmaya rəhbərlik edən britaniyalı araşdırmaçı jurnalist Lourens de Məl vurğulayır.

Argentinanın Milli Reyestrində qeydiyyata alınmış silahın 1979-cu il saxlama lisenziyasında Buenos-Ayresdə nasistlərin “Ölüm mələyi” ləqəbli həkimi Yozef Mengele-nin iki ildən artıq gizləndiyi ünvan göstərilir. İnterpolun bildirişində də tapançanın üzərində “Adolf Hitler” adının həkk olunduğu qeyd edilir.

Xuan Pablonun sözlərinə görə, Hans ona tapançanın fürerə məxsus olduğunu və 1948-ci ildə o vaxtkı Argentina prezidenti Xuan Dominqo Peronun dəstəyi ilə Argentinaya gətirildiyini danışıb.

“Mən artıq 10 ildir eyni şeyi təkrar edirəm: mənə ya 50 milyon dollar təklif etsəydilər, ya da tapançanı geri qaytarsaydılar, hər dəfə tapançanı seçərdim”, — Rupel etiraf edir. — “Amma o, indiyədək tapılmadığına və artıq gözləyə bilmədiyimə görə hökumətin xərcləri ödəməsini istəyirəm”.

Məhkəmə prosesləri və sübutların yoxa çıxması

Hazırda Rupel Buenos-Ayres əyalətinin Təhlükəsizlik Nazirliyini məhkəməyə verərək polis bölməsindən yoxa çıxdıqdan sonra ona qaytarılmayan tapançaya görə kompensasiya tələb edir.

Cari ayda mülki məhkəmə nazirliyi 15 min dollar ilkin kompensasiya, həmçinin faizləri ödəməyə məcbur edib. Bu məbləğ müstəqil ekspertizanın tapançanın real bazar dəyərini müəyyənləşdirəcəyi vaxta qədər nəzərdə tutulub. Rupelin iddiasında silahın dəyəri 42 milyon dollar qiymətləndirilir.

Eyni zamanda, əməliyyata rəhbərlik etmiş iki polis əməkdaşı mart ayında sübutların mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət ittihamları üzrə məhkəmə qarşısına çıxmalıdır.

Hans Rupel özü İkinci Dünya müharibəsi zamanı SS-in “Leibstandarte” diviziyasında — Hitlerin şəxsi mühafizəçilərindən ibarət bölmədə xidmət edib və 1945-ci ildə Argentinaya qaçıb. De Melin sözlərinə görə, o, Mengele-nin hərbi cinayətlərində iştirak etməyib və digər nasist vəhşiliklərinə görə heç vaxt ittiham olunmayıb.

“Cənubi Amerikada nasistlərin müharibədən sonrakı qaçış marşrutlarını 25 il izlədikdən sonra yüksək vəzifəli şəxslərin, sualtı qayıqların və qiymətsiz aktivlərin Argentinaya necə gətirildiyini dəqiq bilirəm”, — o deyir. — “Georg Luger tərəfindən hazırlanmış qüsursuz Parabellum .45 Calibre No. 5-in — silahlar dünyasının Müqəddəs Qədəhinin — adi bir kənd elektrikçisinin evində aşkar edilməsi məni heç təəccübləndirmir. İnanılmaz olan başqa şeydir: əyalət polisi saxta bəhanə ilə axtarış aparıb və nə axtardığını dəqiq bilib. Onlar silahı öz nəzarətlərinə götürüblər, dövlət isə indi guya onu tapa bilmir. Bu, sadəcə bir polis əməkdaşının çirkli əməlinə bənzəmir, bundan daha pis qoxu gəlir”.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31