Türkiyənin Nəqliyyat Nazirliyi Qara dənizdə təhlükəsizlik vəziyyəti ilə bağlı gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
“PostMedia” “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, xəbərdarlıq Qara dənizdə Türkiyənin ticarət gəmilərinə hücumların artması fonunda edilib.
Türkiyə hakimiyyəti ölkənin suveren ərazi sularından kənarda yerləşən ərazilərə hərəkət edən gəmilərin mümkün riskləri nəzərə almasını vacib sayır. Nəşrin hökumət mənbələrinə istinadən yazdığına görə, Türkiyənin ərazi sularından kənardakı insidentlərə müdaxiləsi Ankaranın münaqişə tərəflərindən birini dəstəkləməsi kimi qiymətləndirilə bilər.
Məlumata görə, təxminən 10 gəminin Dardanel boğazından çıxmasına icazə verilməyib. Oxşar praktikanın Mərmərə və Qara dəniz limanlarında da tətbiq ediləcəyi gözlənilir. Bununla belə, məlumat rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Ankaranın Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izlədiyini və Ukrayna münaqişəsinin tərəflərinə, o cümlədən dəniz hövzəsində hərbi əməliyyatlara moratorium tətbiq edilməsi təklifini çatdırdığını bildirib.