Ermənistan hökuməti qumar oyunları sektorunun tənzimlənməsi üzrə operatoru müəyyənləşdirib.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, müvafiq qərar avqustun 6-da keçirilən Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Açıq müsabiqənin qalibi "Oyunların Təhlili və Monitorinqi Sistemi" kommersiya təşkilatı olub. Müsabiqədə ümumilikdə üç şirkət iştirak edib.
Şirkət Maltada qeydiyyatdan keçmiş "Random Systems International" tərəfindən təsis edilib. Həmin şirkət oxşar fəaliyyəti Gürcüstanda da həyata keçirir.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan bildirib ki, operator ölkədə 15 il fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, qumar sektorunda yeni vergi mexanizmi də tətbiq olunacaq. Belə ki, uduşlardan 5 faiz, iri məbləğli uduşlardan isə 10 faiz vergi tutulacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan isə qeyd edib ki, sektorda bütün əməliyyatlar operatorun hazırladığı vahid platforma üzərindən həyata keçiriləcək. Onun sözlərinə görə, bu, kölgə iqtisadiyyatının qarşısını almağa imkan verəcək, həmçinin vətəndaşların müəyyən kateqoriyaları üçün məhdudiyyətlər tətbiq olunacaq.
Yeni sistemin 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlaması planlaşdırılır.