"Audi" vaxtilə qeyri-adi mühəndis həlləri ilə yadda qalan "A2" modelini tam elektrik versiyası kimi yenidən bazara çıxarmağa hazırlaşır.
"PostMedia" xəbər verir ki, bu barədə "Autocar" nəşri yazır.
Yeni "Audi A2 E-tron" orijinal modelin əsas fəlsəfəsini – maksimum səmərəliliyi – qoruyub saxlayaraq müasir elektrik platforması ilə təchiz edilib.
1990-cı illərin sonlarında istehsal edilən ilk "Audi A2" dövrünün ən cəsarətli avtomobillərindən biri hesab olunurdu. Alüminium karkas konstruksiyası və yüksək aerodinamik kuzovu sayəsində həm geniş salona, həm də çox aşağı yanacaq sərfiyyatına malik idi.
Lakin istehsal xərclərinin yüksək olması və qeyri-adi dizayn səbəbindən model kommersiya baxımından uğurlu olmadı.
Yeni "A2" isə sadəcə keçmişi təkrarlamaq məqsədi daşımır. "Audi" daha kiçik batareya ilə uzun yürüş məsafəsi təmin edən, hava müqaviməti minimum olan kompakt elektromobil hazırlayıb.
Bu məqsədlə mühəndislər orijinal "A2"ni xatırladan dizayna üstünlük veriblər: qısa ön hissə, bütöv kuzov forması və axıcı siluet.
İlk nəsildən fərqli olaraq, yeni model eksperimental avtomobil deyil. O, "Volkswagen Group"un digər elektromobillərində də istifadə olunan təkmilləşdirilmiş MEB platforması üzərində qurulub.
Əsas texniki yeniliklərdən biri 100 faizə qədər müntəzəm doldurula bilən "litium-dəmir-fosfat" (LFP) batareyadır. Avtomobil həmçinin enerji itkilərini azaltmaq üçün optimallaşdırılmış yeni "APP350" elektrik mühərriki ilə təchiz olunub.
Sınaqlar zamanı 58 kVt/saat tutumlu batareya ilə təchiz edilmiş "A2 E-tron"un ən qənaətcil versiyası hər 1 kVt/saat enerji ilə təxminən 5,4 km məsafə qət edib. Bu göstərici avtomobilin bir enerji doldurması ilə 480 km-ə qədər hərəkət edə biləcəyini göstərir ki, bu da bir çox rəqibindən daha yüksək nəticədir.
Salon "Audi"nin müasir dizayn xəttinə uyğun hazırlanıb: rəqəmsal ekranlar, minimum fiziki düymələr və keyfiyyətli materiallardan istifadə olunub. Bununla yanaşı, model praktikliyini də qoruyub – sərnişinlər üçün kifayət qədər yer və sinfində rəqabətədavamlı baqaj həcmi təqdim edir.
Bununla belə, sınaq sürüşlərində bəzi çatışmazlıqlar da qeyd olunub. İdman asqılı versiyanın həddindən artıq sərt olduğu, həmçinin yol səsinin gözləniləndən yüksək olduğu bildirilir.
Ekspertlərin fikrincə, yeni "Audi A2 E-tron" orijinal model qədər radikal mühəndislik layihəsi olmasa da, yüksək enerji səmərəliliyi və elektrik güc qurğusu sayəsində sələfindən daha uğurlu ola bilər.
Yeni "Audi A2 E-tron"un bazara 2026-cı ilin sonuna çıxarılması planlaşdırılır.