Çin və Rusiya arasında inşa edilən ilk sərhədlərarası kanat yolunun əsas konstruksiyası tamamlanıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin rəsmiləri bildiriblər. Layihənin istifadəyə verilməsi iki ölkə arasında sərnişin daşımalarını xeyli sürətləndirəcək.
Çinin Heilunczyan əyalətinin Heyhe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərini Amur (Çin dilində Heylunczyan) çayı üzərindən birləşdirəcək sərnişin kanat yolunun tikintisinə 2019-cu ilin iyulunda başlanılıb.
Çinin (Heilunczyan) Pilot Azad Ticarət Zonası Heyhe hissəsinin rəhbərliyinin müavini Can Çijunun sözlərinə görə, layihənin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.

Layihənin Çin hissəsinin podratçısı olan "Jinlonggang Construction and Development Co., Ltd." şirkətinin sədri Cao Sinhon bildirib ki, kanat yolu istismara verildikdən sonra iki sərhəd şəhəri arasında səyahət müddəti cəmi 6–8 dəqiqə olacaq.
Kanat yolunun çay üzərindəki üfüqi məsafəsi 970 metrdir. Xətt üzrə hər biri 110 sərnişin tutumuna malik iki kabin fəaliyyət göstərəcək.
Kanat yolunun maksimal hərəkət sürəti saniyədə 12 metr təşkil edəcək. Layihə üzrə illik bir istiqamətdə sərnişin daşıma gücü 2,6 milyon nəfər nəzərdə tutulur.
Can Çijun qeyd edib ki, Amur çayının qarşı sahillərində yerləşən Heyhe və Blaqoveşensk şəhərləri uzun illərdir iqtisadi, ticarət və mədəni əlaqələr saxlayır.
Xatırladaq ki, 2022-ci ildə Heyhe–Blaqoveşensk avtomobil körpüsü istifadəyə verilərək Çin və Rusiyanı birləşdirən ilk avtomobil körpüsü olub.

Rəsmilər hesab edirlər ki, kanat yolunun istismara verilməsi ilə Heyhe şəhərində avtomobil körpüsü, bərə xətti və kanat yolundan ibarət kompleks sərhədlərarası nəqliyyat şəbəkəsi formalaşacaq. Bu isə turizm, logistika, ticarət və digər sahələrin inkişafına təkan verəcək.
Statistikaya görə, nəqliyyat əlaqələrinin yaxşılaşması və Çinlə Rusiya arasında qarşılıqlı vizasız rejimin tətbiqi sərnişin axınını əhəmiyyətli dərəcədə artırıb. Bu ilin ilk yarısında Heyhe sərhəd-keçid məntəqəsindən keçən sərnişinlərin sayı 568 mini ötərək ötən ilin eyni dövrü ilə müqayisədə 60 faizdən çox artıb.