ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qrehemin vida mərasimi zamanı diqqət çəkən bir hərəkəti ilə gündəmə gəlib. O, mərasimin gedişində ətrafındakı yüksəkvəzifəli şəxslərə nəfəs təravətləndirən konfetlər təklif edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqtondakı Milli Kafedralda keçirilən vida mərasiminin ön sırasında prezident Donald Tramp, oğlu Erik Tramp həyat yoldaşı ilə birlikdə, vitse-prezident Cey Di Vens, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və "Ağ Ev"in aparat rəhbəri Suzi Uayls əyləşiblər.
Mərasim iştirakçıları çıxış edərək Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan senatorun fəaliyyətini xatırladıqları vaxt Tramp pencəyinin cibindən konfet çıxararaq əvvəlcə vitse-prezident Vensə, sonra isə Bessentə uzadıb. Hər iki rəsmi əvvəlcə təəccüblənsə də, daha sonra gülümsəyərək təklifi qəbul edib. Bu vəziyyətin Trampın özünü də əyləndirdiyi müşahidə olunub.
Bundan əvvəl, dini mərasim və ilahilər səsləndirilərkən Trampın darıxmış göründüyü qeyd olunub. Digər iştirakçılardan fərqli olaraq o, dua kitabını izləməyib və ilahilərə qoşulmayaraq ətrafı seyr etməklə kifayətlənib.
Qeyd edək ki, senator Lindsi Qrehemin ofisi iyulun 12-də 71 yaşlı siyasətçinin ürək-damar sistemi ilə bağlı ağırlaşmalar nəticəsində vəfat etdiyini açıqlamışdı. Bildirilirdi ki, o, ölümündən bir neçə gün əvvəl Ukraynaya səfərdən qayıtmışdı.