Vaşinqton və Tehran arasında İsveçrədə keçirilən danışıqlardan sonra məlum olub ki, İranın dondurulmuş maliyyə vəsaitləri yalnız ABŞ-dən ərzaq məhsulları alınmasına xərclənə bilər.
"PostMedia" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-də "Ağ Ev"də jurnalistlərlə söhbəti zamanı bunu bəyan edib.
“Dondurulmuş vəsaitlərlə ərzaq alınacaq və bu ərzaqlar yalnız ABŞ-dan, bizim fermerlərimizdən alınacaq”.
Siyasətçinin sözlərinə görə, həmin vəsaitlər hesabına əsasən soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları alınacaq.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə bağlı əməliyyatlara müvəqqəti icazə verən ümumi lisenziya yayımlayıb. Sənədə əsasən, avqustun 21-dək İran neftinin və neft məhsullarının hasilatı, satışı, tədarükü və boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verilir. Bu icazə ABŞ sanksiyaları altında olan gəmilərlə aparılan əməliyyatlara da şamil olunur.
İyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar. Sənədə görə, tərəflər 60 gün ərzində müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlməlidirlər. Lakin artıq iyunun 20-də İran Livanda İsrailin həyata keçirdiyi əməliyyatları əsas gətirərək yenidən Hörmüz boğazını bağlayacağını bəyan edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İslam Respublikasını məhv etməklə hədələyib.