Dünyanın ən varlı insanlarının ümumi sərvəti cəmi bir gün ərzində rekord səviyyədə — 336 milyard dollar artıb.
"PostMedia" zxəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
“Nyu-York birjasında ticarət sessiyasının bağlanışı zamanı planetin 500 ən varlı insanı öz sərvətini 336 milyard dollar artırıb — bu, bir gündə qeydə alınan ən böyük artımdır”, — deyə məlumatda bildirilir.
Nəticədə "Bloomberg Billionaires Index" siyahısında yer alan milyarderlərin ümumi kapitalı 13,3 trilyon dollara çatıb ki, bu da rekord göstəricidir.
Siyahının lideri İlon Mask bir gündə 164 milyard dollar varlanıb və onun sərvəti hazırda 1,27 trilyon dollar olaraq qiymətləndirilir. Ötən həftənin sonunda onun SpaceX şirkəti birjada listinq edilib və bazar dəyərinə görə dünyanın altıncı ən böyük şirkəti olub.
Meta-nın qurucusu Mark Zukerberq gün ərzində sərvətinə əlavə 9,16 milyard dollar, Oracle-ın həmtəsisçisi Larri Ellison isə 8,92 milyard dollar qazanıb.
Google-un qurucuları Larri Peyc və Sergey Brin müvafiq olaraq 7,61 və 7,01 milyard dollar varlanıblar, Amazon-un qurucusu Ceff Bezos isə 6,96 milyard dollar artım əldə edib.
Bu yüksəlişdən əvvəl ABŞ-ın əsas fond indekslərində artım qeydə alınıb: Dow Jones 0,92% yüksələrək tarixi rekordu yeniləyib, texnoloji şirkətləri əhatə edən Nasdaq isə kəskin şəkildə 3,07% artıb.