Avropa ölkələri ABŞ Prezidenti Donald Trampı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə inandırmağa çalışırlar.
"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın 2025-ci il üzrə diplomatik fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib.
Ölkənin baş diplomatının sözlərinə görə, Rusiyanın qərb qonşuları, ilk növbədə isə Avropa ölkələri, əvvəllər Moskva ilə bağlanmış sazişləri pozmaq üçün hər şeyi ediblər.
"Onlar Donald Tramp administrasiyasının (Ukrayna münaqişəsinin həlli ilə bağlı - Sputnik) irəli sürdüyü təşəbbüslərlə bağlı da eynilə belə davranırlar və Amerika administrasiyasını Rusiya Federasiyası ilə danışıqlar aparmamağa inandırmaq üçün hər vəchlə çalışırlar", — deyə Lavrov bildirib.
Bununla yanaşı, nazir Avropalı siyasətçilərin, o cümlədən dövlət liderlərinin Rusiya ilə müharibəyə hazırlaşdıqlarına dair bəyanatlarına diqqət çəkib.
"Əgər avropalı siyasətçilərin, liderlərin, hətta Kaya Kallas, Ursula fon der Lyayen, Merts, Starmer, Makron və Rüttenin bəyanatlarını oxusanız, görərsiniz ki, onlar Rusiya Federasiyasına qarşı müharibəyə ciddi şəkildə hazırlaşırlar. Bunu gizlətmirlər də", — deyə Lavrov qeyd edib.
Ukrayna böhranından danışarkən o, bir daha vurğulayıb ki, Qərbdən fərqli olaraq, Moskva tərəfindən bu münaqişənin həlli üçün xoş məramın çatışmazlığı heç vaxt olmayıb.
"Əgər bu böhranın tarixinə nəzər salsaq, 2014-cü ildən, xüsusən də 2022-ci ildən bəri siyasi razılaşmaların əldə olunması baxımından Rusiya tərəfindən xoş məramın çatışmazlığı müşahidə olunmayıb", — deyə o əlavə edib.