Amerikalı milyarder İlon Mask "Warner Bros."un satın alınmasından sonra “Paramount” şirkətinin investoruna çevrilə bilər.
"PostMedia" xəbə verir ki, bu barədə “Semafor” yazıb.
Nəşrin məlumatına görə, “Paramount” “Warner Bros. Discovery” şirkətini satın aldıqdan sonra maliyyə vəziyyətini möhkəmləndirmək üçün yeni maliyyələşmə mənbələri axtarır. Məsələdən xəbərdar mənbələrin bildirdiyinə görə, şirkət rəhbərləri Maskın “Paramount” səhmdarları sindikatına daxil edilməsi imkanını müzakirə ediblər. Biznesmenin adı “Paramount”un baş direktoru Devid Ellisonun sindikata cəlb olunmaq üçün namizəd kimi nəzərdən keçirdiyi varlı şəxslər arasında çəkilib.
“Semafor” yazır ki, Mask və Devid Ellisonun atası, “Oracle” şirkətinin təsisçisi Larri Ellison uzun illərdir yaxın münasibətdədirlər. Qeyd olunur ki, “Warner Bros.”un “Paramount” tərəfindən satın alınmasını mümkün edən amillərdən biri də məhz böyük Ellisonun maliyyə imkanları və əlaqələri olub.
Larri Ellison bu satınalmanın maliyyələşdirilməsi çərçivəsində 40 milyard dollardan çox vəsaitə şəxsən zəmanət verib. O, həmçinin Maskın 2022-ci ildə “X”in (keçmiş “Twitter”) özəlləşdirilməsi sövdələşməsinə 1 milyard dollar yatırıb, 2018-ci ildə “Tesla”ya investisiya qoyub və uzun illər şirkətin direktorlar şurasının üzvü olub.
Maskın mümkün investisiyasının məbləği məlum deyil.