“Zolotaya Korona”nın Avropadakı strukturu sanksiyalardan sonra Avropa bazarında fəaliyyət göstərmək üçün lisenziyasından könüllü şəkildə imtina edəcək.
Azərbaycandan Rusiyaya, eləcə də Rusiyadan Gürcüstan və Qazaxıstana “Zolotaya Korona” vasitəsilə pul köçürmələri əlçatmaz olub.
“PostMedia” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, Rusiyanın “Zolotaya Korona” pul köçürmə xidmətinin xarici strukturu olan “KoronaPay Europe” Avropa bazarında fəaliyyət göstərmək üçün lisenziyasını könüllü şəkildə geri götürür.
“Koronapay Europe Limited” müştərilərinə və ictimaiyyətə bildirib ki, şirkət hazırda öz lisenziyasından könüllü imtina edir. Bununla əlaqədar şirkət artıq tənzimlənən xidmətlər təqdim etməyəcək və yeni pul köçürmələri əlçatan olmayacaq.
Qeyd olunub ki, daha əvvəl göndərilmiş pul köçürmələri “Korona” mobil tətbiqi vasitəsilə geri qaytarıla bilər.
Xatırladaq ki, iyulun 23-də Avropa İttifaqı 21-ci sanksiyalar paketi çərçivəsində 94 Rusiya və 4 xarici bankı, həmçinin 33 kredit və maliyyə təşkilatını sanksiyalar siyahısına daxil edib.