“Qazın qiymətində mümkün dəyişikliklə bağlı məlumatım yoxdur. Lakin biz demişik ki, dörd qonşu ölkəmiz var və əgər beşinci ölkə də tranzit yolu ilə bizə qaz nəql etməyi təklif etsə, həmin təklifi də müzakirə edəcəyik”.
"PostMedia" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 24-də hökumətdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Ermənistanın qazın qiymətinin artırılmaması üçün Rusiya ilə müəyyən razılaşmaya gedə biləcəyinin mümkün olub-olmadığı sualına AŞ katibi belə cavab verib:
“Bu da qiymətdir, bunun tərkibində siyasi qiymət də var. Düşünürəm ki, həmin siyasi qiymət açıq-aşkardır. Baş nazir də deyib ki, biz artıq bir borudan, bir iynədən, bir şıltaqlıqdan və bir təzyiq düyməsindən asılı olmağa hazır deyilik və olmayacağıq. Biz Ermənistan Respublikasının iqtisadiyyatının bütün sahələrində bu şaxələndirmə prosesini həyata keçirəcəyik”.
Rusiyanın qaz məsələsindən istifadə edərək Ermənistana təzyiq göstərə bilib-bilməyəcəyi sualını cavablandıran Simonyan bildirib:
“Traektoriyaya baxmaq lazımdır. Ermənistan Respublikası müstəqil ölkədir və hakimiyyətini xalqının seçimi əsasında formalaşdırır. Ermənistanın ölkədə siyasi proseslər yaratmaq və ya onları istənilən istiqamətə yönəltmək üçün istifadə edilə biləcək heç bir münaqişəsi yoxdur. Ermənistan Respublikası öz suverenliyini qoruyacaq. Yeri gəlmişkən, Rusiya tərəfdaşları da danışarkən daim deyirlər ki, bu, sizin suveren qərar vermək hüququnuzdur.
Ermənistan Respublikası öz maraqlarından güzəştə getməyib və getməyəcək. Çünki dediyim kimi, bunun siyasi qiyməti də var və Ermənistan Respublikasının öz siyasi yolu və öz qərarı var”.
Alen Simonyan həmçinin bildirib:
“Həm bütün ölkələrdən qaz alacağıq, həm atom elektrik stansiyasını gücləndirəcəyik, həm günəş enerjisi sistemlərini inkişaf etdirəcəyik, həm bütün ölkələrlə ticarət aparacağıq. Yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla diplomatik münasibətlər quracağıq, yekun sülhə nail olacağıq, region ölkələri ilə bütün istiqamətlərdə – həm iqtisadi, həm də siyasi sahələrdə əməkdaşlıq edəcəyik. Azərbaycanla mümkün olan bütün ərazilərdə demarkasiya və delimitasiya prosesini başa çatdıracağıq.
Hər şey çox yaxşıdır, çünki Ermənistan artıq sülh şəraitindədir, demokratik hökuməti və normal seçkiləri var”.