İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasına yaxındır.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, bir neçə həftədir davam edən danışıqlar ABŞ ilə İran arasında atəşkəs rejiminin qorunmasına və nüvə sazişi üzrə danışıqların bərpasına yönəlib.
Regional mənbələrin bildirdiyinə görə, müzakirə olunan razılaşma Oman və İran arasında Hörmüz boğazı ilə bağlı 60 günlük müvəqqəti sazişi nəzərdə tutur. Bu müddət daha sonra uzadıla bilər.
Razılaşmaya əsasən, Fars körfəzinə daxil olan bütün gəmilər İranın ərazi sularından keçən şimal marşrutu ilə hərəkət edəcək.
Ərəb dənizi istiqamətində çıxan bütün gəmi hərəkəti isə İranla koordinasiya əsasında Oman sularından keçən cənub marşrutu ilə həyata keçiriləcək.
60 günlük müddət ərzində keçid haqqı və digər ödənişlər tətbiq olunmayacaq.
Tərəflər 30 gün ərzində boğazın ayırıcı zolağının dəniz minalarından təmizlənməsinə başlamağı öhdələrinə götürüblər.
Minaların təmizlənməsindən sonra ayırıcı zolaq Oman və İran arasında razılaşdırılacaq daimi sazişin şərtlərinə uyğun olaraq giriş və çıxış istiqamətində gəmi hərəkəti üçün istifadə ediləcək.
Oman və İran arasında aparılan danışıqlarla yanaşı, vasitəçilik səylərində Qətər, Pakistan və Səudiyyə Ərəbistanının rəsmiləri də iştirak ediblər.
Son günlər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Bədr əl-Busaidi arasında bir neçə telefon danışığı baş tutub.
Regional mənbələrin bildirdiyinə görə, Əraqçi həftəsonu bu razılaşmaya prinsipcə razılıq verib, lakin bunun üçün İranın ali rəhbəri Müctəba Xameneinin və Milli Təhlükəsizlik Ali Şurasının təsdiqi tələb olunurdu.
ABŞ rəsmisi və regional mənbənin sözlərinə görə, İran rəhbərliyi təsdiq prosesini çərşənbə axşamı başa çatdırıb.