6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Avropada quraqlıq və isti hava məhsuldarlığa zərbə vurub, zeytun yağı bahalaşa bilər

05-avqust-2026, 02:10
Avropada quraqlıq və isti hava məhsuldarlığa zərbə vurub, zeytun yağı bahalaşa bilər
Yazı Ölçüsü:

Avropada müşahidə olunan ekstremal istilər, quraqlıq və meşə yanğınları kənd təsərrüfatı məhsullarının istehsalının azalmasına səbəb olur və ərzaq qiymətlərində yeni bahalaşma dalğası yarada bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Ən ciddi zərər Fransada tərəvəz istehsalçılarına dəyib. "Légumes de France" Tərəvəz İstehsalçıları Assosiasiyası on milyonlarla avro dəyərində minlərlə ton məhsul itkisi olduğunu açıqlayıb. Yağıntıların azlığı səbəbindən kahı, yerkökü, pırasa, sarımsaq və digər kənd təsərrüfatı məhsullarının məhsuldarlığı təhlükə altına düşüb. Bəzi tərəvəz növləri üzrə istehsalın iki dəfə azalacağı proqnozlaşdırılır.

İsti hava Fransanın Şampan, Bordo və Burqundiya şərabçılıq bölgələrinə də ziyan vurub. Üzümün vaxtından əvvəl yetişməsi səbəbindən Şampanda məhsul yığımına təxminən avqustun 15-də başlanılması gözlənilir ki, bu da bir neçə onillik əvvəlki dövrlə müqayisədə təxminən bir ay tezdir. İstehsalçılar məhsulun həcminin ötən illə müqayisədə təxminən 10% az olacağını bildirirlər.

İspaniyanın Kənd Təsərrüfatı Nazirliyi 2026–2027 mövsümündə taxıl məhsullarının istehsalının ötən ilki 24 milyon tondan 18,5 milyon tona düşəcəyini proqnozlaşdırır. Bu qiymətləndirmə genişmiqyaslı meşə yanğınlarından əvvəl aparılıb və yanğınların kənd təsərrüfatına əlavə mənfi təsir göstərdiyi bildirilir.

Avropa İttifaqı da bir sıra kənd təsərrüfatı məhsulları üzrə proqnozlarını aşağı salıb. Bitki yağlarının istehsalında istifadə olunan günəbaxan məhsulunun gözlənilən həcmi 7%, qarğıdalı 6%, kartof və soya isə 3% azaldılıb.

Ən çox zərər çəkən sahələrdən biri zeytun yağı istehsalı ola bilər. Yunanıstan, İtaliya və Portuqaliyadakı istehsalçılar meşə yanğınları, quraqlıq və ekstremal istilər nəticəsində zeytun bağlarının zərər gördüyünü bildiriblər. Yanğından zərər çəkməyən ağaclar belə tüstü, havanın keyfiyyətinin pisləşməsi, zərərvericilər və xəstəliklərdən əziyyət çəkir.

İki il əvvəl qeydə alınan rekord qiymətlərdən sonra ucuzlaşan zeytun yağı yenidən bahalaşmağa başlayıb. İstehsalçılar payızda məhsul azlığı səbəbindən qiymətlərin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər.

Sahə nümayəndələrinin sözlərinə görə, bazar üçün əsas problem ixracın azalması deyil, ekstremal hava şəraiti səbəbindən istehsal xərclərinin artması olacaq.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31