ABŞ Prezidenti Donald Tramp Amerika biznes nəhənglərindən 800 milyon dollardan çox ianə cəlb etməyə nail olub. Vəsait onun dəstəklədiyi qeyri-kommersiya layihələrinə, o cümlədən "Ağ Ev"də dəbdəbəli bal zalının tikintisinə yönəldiləcək.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika şirkətlərindən vəsait toplanması prosesini Trampın "Trump Media" şirkətinin direktorlar şurasının üzvü Meredit O'Rurk koordinasiya edir. WSJ yazır ki, Tramp iş adamlarından vəsait toplamaq bacarığına görə ona şəxsən "qaranlığın şahzadəsi" ləqəbini verib.
Mənbələrin bildirdiyinə görə, Trampın ikinci prezidentlik dövrü başlayandan bəri "SoftBank" prezident kitabxanası fonduna 50 milyon dollardan çox, "Apple" Ağ Evdə bal zalının tikintisi layihəsinə təxminən 25 milyon dollar, "Microsoft" və "Amazon" isə prezidentin digər təşəbbüslərinə hər biri təxminən 15 milyon dollar ayırıblar.
Qeyd olunur ki, Trampın layihələrinin əsas donorlarından biri də "Meta" şirkətidir. Nəşrin hesablamalarına görə, şirkət Trampın layihələrinə təxminən 60 milyon dollar ayırıb. Bildirilir ki, "Meta" rəhbərliyi ABŞ prezidentinin tələblərini nəzərə alaraq maliyyələşdirmə strategiyasını mütəmadi olaraq dəyişir.