Rusiya Prezidenti Vladimir Putin ölkədə ilk dəfə rəqəmsal valyutaların və rəqəmsal hüquqların dövriyyəsini kompleks şəkildə tənzimləyən qanunu imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Sənəd kriptovalyuta birjalarının, rəqəmsal depozitariyaların və bazarın digər iştirakçılarının fəaliyyət qaydalarını müəyyən edir, həmçinin investorların kriptovalyuta alışı prosedurunu tənzimləyir.
Qanuna əsasən, rəqəmsal valyutaların mübadiləsi ilə yalnız xüsusi reyestrə daxil edilmiş təşkilatlar məşğul ola biləcək. Onlar üçün 2027-ci il iyulun 1-dək keçid dövrü nəzərdə tutulub və bu müddətdə reyestrə daxil edilmədən fəaliyyət göstərə biləcəklər. Belə şirkətlərin minimum öz vəsaiti 15 milyon rubl olmalıdır.
Qanun eyni zamanda Rusiyada kriptovalyutaların mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsinə qoyulan qadağanı qüvvədə saxlayır. Rəqəmsal valyutalarla ödəniş imkanlarının reklamı da qadağan edilir.
Bununla yanaşı, istisnalar da nəzərdə tutulub. Kriptovalyutalardan Rusiya və xarici tərəflər arasında xarici ticarət hesablaşmalarında, mayninq nəticəsində əldə edilmiş aktivlərlə əməliyyatlarda, komissiyaların ödənilməsində və rəqəmsal maliyyə aktivləri ilə bağlı əməliyyatlarda istifadə etmək mümkün olacaq.
Banklar rəqəmsal valyutalarla əməliyyatların səlahiyyətsiz təşkilatlar vasitəsilə həyata keçirildiyinə şübhə yarandığı halda köçürmələri bloklamaq hüququ əldə edəcəklər.
Qanun investorlar üçün də məhdudiyyətlər müəyyən edir. İxtisaslaşmamış investorlar vasitəçilər üzərindən yalnız ən likvid kriptovalyutaları hər vasitəçi üzrə ildə maksimum 300 min rubl məbləğində ala biləcəklər. İxtisaslaşmış investorlar isə belə məhdudiyyət olmadan istənilən rəqəmsal valyutanı əldə edə biləcəklər.
Kriptovalyutalarla əməliyyat aparmaq üçün investorlar xüsusi testdən keçməlidirlər. İxtisaslaşmış investor statusunu rəqəmsal aktivlərlə əməliyyat təcrübəsi əsasında da əldə etmək mümkün olacaq.
Qanunun əsas müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Köçürmələrə qoyulan məhdudiyyətlər, rəqəmsal depozitariyaların fəaliyyəti və rəqəmsal maliyyə aktivlərinin dövriyyəsinə dair bəzi normalar isə 2027-ci ildən tətbiq olunacaq.